İrəvan Ankara ilə münasibətləri gücləndirir -

Martın 23-də Ermənistan xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxış edən zaman bildirib ki, Ermənistan Türkiyə ilə diplomatik əlaqələrin inkişafından məmnundur və müsbət dəyərləndirirlər. Mirzoyan onu da qeyd edib ki, onlar Antalya Diplomatik Forumunda iştirak etməklə doğru addım atmaqla ilə bərabər Ankara ilə diplomatik əlaqələrin bərpası istiqamətində bundan sonra da işləri davam etdirməli, sərhədlər açılmalıdır.

Erməni XİN rəhbərinin bu açıqlamalarına münasibət bildirən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov deyir ki, görünür, rəsmi İrəvan artıq reallıqları anlamağa başlayıb.

"Əvvəllər də dediyimiz kimi, proseslər sürətlənir. Xüsusilə Rusiyanın Ukrayna ilə müharibə aparması yeni geosiyasi reallıqlar yaratdı. Belə ki, Ermənistan hakimiyyəti Kremlin Cənubu Qafqazdakı təsir gücünün azalacağını bilir. Savaşın nəticəsindən asılı olmayaraq bu, hələ olacaq. Moskvanın regiondakı təsir imkanlarını qoruya bilməyəcəyi indidən hiss edilir. Ermənistan isə bundan istifadə edərək öz geosiyasi prioritetləri istiqamətində addım atır. Şübhəsiz ki, bu, Türkiyə ilə diplomatik əlaqələrin bərpasıdır. İkinci bir tərəfdən, Ermənistan iqtisadiyyatının xeyli hissəsi hazırda Rusiyadan asılıdır. Deməli, Moskvanın məğlub olması İrəvana da ciddi təsir edəcək".

Ekspert qeyd etdi ki, Paşinyan administrasiyası indidən qabaqlayıcı tədbirlər görməyə çalışır. Odur ki, Şərqi Avropadakı müharibənin Ermənistanı bir az da tələsdirdiyini desək, yəqin, yanılmarıq.

"İstər Kremlin, istərsə də Ermənistandakı müxalifətin əli ilə təxribatlar həmişə mümkündür. Xüsusilə yaxın gələcək üçün bunu istisna etmək olmaz. Ancaq oxşar provokasiyalar regionda yeni siyasi reallığın formalaşmasına, o cümlədən Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələrin bərpasına və Azərbaycanın Qarabağla bağlı prioritetlərinin reallaşmasına mane olmayacaq, ola bilməyəcək. Çünki hazırkı geosiyasi reallıqları Bakı ilə Ankara diktə edir" deyə ekspert bildirib.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR