Sabirabadın Baş planının detalları açıqlanıb

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Nazirlər Kabinetinin martın 29-da təsdiq etdiyi Sabirabadın Baş planının detallarını açıqlayıb.

Bu barədə Metbuat.az-a qurumdan məlumat verilib.

2038-ci ilə qədərki dövr üçün nəzərdə tutulan Sabirabad şəhərinin sayca 4-cü Baş planı “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu işləyib. Yeni sənədin hazırlanması müddətində şəhər üzrə aparılmış çoxsaylı ərazi təhlillərinə əsaslanaraq gələcək inkişaf prioritetləri təyin olunub.

Baş planda hesabat müddətinin sonuna kimi şəhər əhalisinin 53 500 nəfərə çatması ehtimal edilir. Bunu nəzərə alaraq yeni yaşayış sahələrinə tələbatı ödəmək məqsədi ilə çoxmərtəbəli binaların tikintisi təklif olunur, adambaşına düşən ümumi yaşayış sahəsinin 24 m2-dən 25 m2-ə qədər artırılması nəzərdə tutulur. Artım dinamikasına əsasən şəhərdə ictimai-işgüzar zonanın, yeni təhsil, səhiyyə, idman, mədəniyyət və əyləncə məkanlarının yaradılması planlaşdırılır. Həmçinin kənd təsərrüfatı təyinatlı torpaqların azalmasının qarşısının alınması, tarixi ərazilərin qorunması və müasir memarlıq yanaşmalarının tətbiqi prioritet sayılır.

Baş plan layihəsində inkişaf tempinə uyğun olaraq nəqliyyat və mühəndis-kommunikasiya təminatı sistemlərinin şaxələndirilməsi, küçə-yol şəbəkəsinin ümumi uzunluğunun 9,65 km-dən 20,38 km-ə çatdırılması nəzərdə tutulub.

Sənəddə iqtisadiyyatın və turizmin inkişafı, ekoloji vəziyyətin yaxşılaşdırılması kimi məsələlərin həlli yolları da öz əksini tapıb. Bir neçə sənaye sahəsinin birləşməsi ilə vahid yeni sənaye ərazisinin ayrılması, istirahət zonasının qurulması, şəhər ətrafında məişət tullantıları üçün müasir poliqonun yaradılması təklif edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR