50 yaşlı azərbaycanlı qadın ayaqlarını itirə bilər -

50 yaşlı azərbaycanlı qadın Tamilla Səlimova Türkiyədə ayaqlarını itirmək təhlükəsi ilə üz-üzə qalıb.

Bu barədə Metbuat.az-a müraciət edən Tamilla xanım bildirdi ki, o 2021-ci ildə keçirdiyi ağır qəzadan sonra hazırda ayaqlarını itirəcək vəziyyətə gəlib.

“Mən 15 il öncə həyat yoldaşımdan ayrılaraq, anam və qızımla birlikdə yaşamağa başladım. Bir müddət sonra anam da rəhmətə getdi. Bu əsnada qızım Türkiyənin Ağdəniz universitetinə qəbul olundu. Mən də onunla birlikdə Türkiyəyə yola düşdüm. 27 dekabr 2021-ci ildə keçirdiyim ağır yol qəzası nəticəsində ayaqlarımdan ciddi xəsarət aldım. Qəza zamanı ayaqlarım iki nahiyyədən qırıldı. Qonşuların köməyi ilə, xəstəxanaya aparıldım. Türkiyə vətəndaşı olmadığım üçün əməliyyat xərclərim bir qədər bahalı olsa da, həkimlər mənim ayaqlarıma protez qoydular. Bir aydan sonra yenidən ikinci əməliyyat əsnasında qırılmış nahiyyətə platin protez yerləşdirildi. Bu müddətdə mən hərəkətsiz qaldığım üçün işimi də itirdim”.

Tamilla Səlimova deyir ki,martın 17-də onun ayağındakı gips açıldıqdan sonra məlum olub ki, qoyulan platin sümükdə yaxşı yerləşmədiyindən üçüncü əməliyyata ehtiyac var. İndi ev kirayəsini belə ödəyə bilməyən həmvətənimizin ayaqları qanqren olaraq hətta itirilə bilmə təhlükəsinə gəlib çatıb.

“Tez-tez bədənimin hərarəti çoxalır. Mənim qızımdan başqa heç kimim yoxdur. Dörd aydır ev kirayəsini verə bilmirəm. Qonşular sağ olsunlar bir qab yemək gətirib ac qoymamağa çalışırlar. Amma mən bilmirəm bu vəziyyət nə vaxta qədər davam edəcəkdir. Yardımsevər insanlardan, mənə kömək etmələrini rica edirəm. Bu müqəddəs Ramazan ayında mənim yenidən əməliyyat olunmağım üçün dəstək göstərəcək hər kəsə öncədən təşəkkür edirəm”.

Metbuat.az bu məsələ ilə bağlı Ailə, Qadın, Uşaq Komitəsinə müraciət edib. Komitənin mətbuat katibi Teymur Mərdanoğlu Metbuat.az-a bildirdi ki, ölkə xaricində olduğu üçün Tamilla xanıma hər hansı bir köməklik göstərə bilməsələr də, o ölkəyə qayıdacağı təqdirdə komitə əlindən gələn dəstəyi əsirgəməyəcəklər.

Teymur Mərdanoğlu onu da qeyd etdi ki, Tamilla Səlimova yaşadığı bu ağır vəziyyət ilə əlaqədar Azərbaycanın Türkiyədəki konsulluğuna müraciət etdiyi təqdirdə, onlar da ona lazım olan köməyi göstərə bilərlər.

Qeyd edək ki, Tamilla Səlimovanın üçüncü dəfə əməliyyat oluna bilməsi üçün 15 min TL lazımdır. Bununla yanaşı onun kirayə borcunu ödəmək və Azərbaycana qayıtmaq məsələlərinə də kömək etməyə ehtiyac var.

Tamilla Səlimovaya kömək üçün kart nömrəsi: 4169737700868843


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR