Yol polisi küləkli hava şəraiti ilə əlaqədar sürücülərə xəbərdarlıq edib

Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava şəraiti ilə əlaqədar sürücülərə xəbərdarlıq edib.

İdarədən Metbuat.az-a daxil olan xəbərdarlıqda deyilir:

"Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində müşahidə olunun küləkli hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edərək onları həyat və sağlamlıqlarının qorunması, yollarda meydana gələ biləcək xoşagəlməz halların qarşısının alınması üçün ehtiyatlı və diqqətli olmağa çağırır.

Hazırda Bakı-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 15-ci, eləcə də Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun 25-100-cü kilometrliklərində küləyin şiddətinin daha çox olması müşahidə edilir ki, bununla əlaqədar ərazidə xidmət aparan DİN BDYPİ YPXA-nın əməkdaşları tərəfindən hərəkətdə olan nəqliyyat vasitələrinin, xüsusilə qoşqulu, tentli və uzun ölçülü yük avtomobillərinin iştirakı ilə baş verə biləcək qəzaların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görülür.

Mövcud hava şəraitini nəzərə alaraq bir daha hərəkət iştirakçılarına, xüsusilə yük avtomobillərinin sahibləri və sürücülərinə müraciət edərək onlara küləkli havada hərəkətin çətin və təhlükəli olduğunu unutmamağı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməyi, görmə məsafəsi məhdudlaşdığı üçün nəqliyyat vasitələrinin hərəkət sürətini hava şəraitinə uyğun seçməyi, açıq ərazilərdə sürəti azaltmağı, qəfil manevr və ya kəskin tormazlama etməməyi, zərurət olmadan ötmə əməliyyatı aparmamağı tövsiyə edirik.

Nəqliyyat vasitələrini sürüşmə, uçulma, qırılma, aşma ehtimalı yüksək olan obyektlərdən kənarda saxlanılmalı, park edərkən qapalı məkanlara üstünlük verilməlidir.

Küləkli hava şəraitində bütün hərəkət iştirakçıları, o cümlədən piyadalar daha da ehtiyatlı olmalı, zərurət olmadıqca açıq havada hərəkət etməkdən çəkinməli, ictimai nəqliyyatdan istifadə etməlidirlər".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR