MN azad edilmiş ərazilərdə artilleriyaçıların hazırlığı ilə bağlı məlumat yayıb -

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən azad edilmiş ərazilərimizdə bütün sahələrdə bərpa-quruculuq və tikinti işləri davam edir.

Bu barədə Metbuat.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Burada dislokasiya olunmuş bölmələrin xidməti-döyüş fəaliyyətinin təşkili, hərtərəfli təminatı və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı qarşıda duran tapşırıqlar planlı şəkildə icra olunur.

Çətin relyefli və sərt iqlim şəraitli ərazilərdə gecə və gündüz fasiləsiz xidmət aparan şəxsi heyətin döyüş qabiliyyətinin daha da artırılması, döyüşə hazırolma vəziyyətinin yüksək səviyyədə saxlanılması üçün müasir tipli hərbi infrastruktur obyekləri inşa edilir, eləcə də digər zəruri tədbirlər həyata keçirilir.

Yeni yaradılmış mövqelərdə, yerləşmə məntəqələrində və hərbi şəhərciklərdə döyüş növbətçiliyi aparan şəxsi heyətin rahat xidmət aparmasını təmin etmək üçün yataq ləvazimatları, müasir mebellər, mətbəx avadanlıqları, ehtiyat qida və əmlakın saxlanması üçün anbarlar, rahat yataqxanalar, xidməti otaqlar, sanitar qovşaqlar, həmçinin tibb məntəqələri və digər obyektlər mövcuddur. Bütün şəhərciklər və modul tipli yerləşmə məntəqələri mərkəzləşdirilmiş istilik sistemi, işıq, su və dayanıqlı rabitə, həmçinin fasiləsiz elektrik enerjinin təminatı üçün generatorlarla təchiz olunub.
Hərbi qulluqçularımızın mövsümə uyğun geyimlə, təzə və yüksək kalorili isti qida ilə fasiləsiz təmin olunması, eləcə də sosial-məişət şəraiti və qoşun xidmətinin yüksək səviyyədə təşkil edilməsi istiqamətində tədbirlər plana uyğun olaraq həyata keçirilir.
Azad edilmiş ərazilərimizdə il ərzində hərbi qulluqçuların normalara əsasən ərzaq, əşya-əmlak və geyimlə təmin edilməsi maddi texniki təminat xidməti tərəfindən daima nəzarətdə saxlanılır.

Müdafiə Nazirliyinin müvafiq qurumlarının vəzifəli şəxsləri daima hərbi hissələrdə olur, şəxsi heyətin qayğı və müraciətləri ilə maraqlanır, qaldırılan məsələlərin həlli üçün müvafiq tədbirlər görürlər.

Günün nizam qaydalarına uyğun döyüş növbətçiliyi və qoşun xidməti təşkil edilir, döyüş hazırlığının yüksək səviyyədə saxlanması üçün bölmələrin şəxsi heyəti ilə gündəlik döyüş hazırlığı məşğələləri, ictimai-siyasi və hüquq hazırlığı üzrə dərslər keçirilir.
Məşğələlərdə şəxsi heyət tərəfindən silahların taktiki-texniki xüsusiyyətləri mənimsənilir və onların döyüşdə səmərəli tətbiqi üzrə praktiki vərdişlərinin təkmilləşdirilməsi məqsədilə məşqlər icra olunur.

Yüksək əhval-ruhiyyədə Vətənin keşiyində dayanan Azərbaycan Ordusunun şəxsi heyəti torpaqlarımızın müdafiəsi naminə Ali Baş Komandanın hər bir əmrinə daim hazırdır.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR