​“Ramazan ayında necə düzgün qidalanaq?”

"Birdən-birə çox yemək boş mədənin yüklənməsinə səbəb olar".

Metbuat.az xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin terapevt-həkimi Jalə İbrahimova cavab verib. Onun sözlərinə görə, imsakda şirin çay və ya meyvə suyu içmək tövsiyə edilmir: “İlk növbədə imsakda şirin çay və ya meyvə suyu içmək tövsiyə edilmir. Bunun əvəzində bitki çayları və yanında kiçik porsiyada quru meyvə yemək olar. İmsakın bitməsinə 10-15 dəqiqə qalmış 2-3 fincan su istifadə etmək məsləhətdir ki, gün ərzində orqanizm susuzluq çəkməsin.

İftar zamanı orucu ilıq su və ya xurma ilə açmaq lazımdır. Ardınca pendir, pomidor, zeytun və ya şorba kimi yüngül yeməklərlə başlanması, 10-15 dəq sonra az yağlı ət, tərəvəz yeməyi, salatla davam etmək məqsədə uyğundur. Birdən-birə çox yemək boş mədənin yüklənməsinə səbəb olar. Həzm prosesini çətinləşdirə, mədədə ağırlıq, bulanma, turşuma, bağırsaqlarda qəbzlik, köp kimi problemlər yarada bilər. Ağ çörək, düyü kimi qidaların əvəzinə bulqur, kəpəkli çörək və ya kəpəkli makaron istifadə edə bilərsiniz. Su və ya duzsuz ayran içmək məsləhətdir ki, susuzluq ehtiyacınız qarşılasın”.

Həkim qeyd edib ki, iftardan 1-2 saat öncə idmanla məşğul olmaq daha məqsədə uyğundur: “Həmçinin iftardan 30 dəqiqə sonra yürüşə çıxmaq lazımdır. Ardınca şəkərsiz, südsüz qəhvə və ya quru meyvə ilə bitki çayı, mövsümi meyvə yemək olar. İftarda çox yeyib imsaka oyanmamaq insan üçün ziyanlı sayılır. İmsakda mütləq oyanıb kifayət qədər maye içilməli, qida qəbul edilməlidir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR