Tarif Şurası artıq müstəqil qərar verə bilməyəcək -

Prezident İlham Əliyev Tarif Şurası ilə bağlı fərman imzalayıb. Prezident “Tarif (qiymət) Şurası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə" 26 dekabr 2005-ci il tarixli fərmanını ləğv edib. Dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əsasən, şuranın icra hakimiyyəti orqanı kimi statusu ləğv edilib, onun ictimai əsaslarla fəaliyyət göstərən katibliyi yaradılıb. Katibliyin gerbsiz möhürü, ştampları və blankları olacaq. Bu fərman TŞ-nin fəaliyyətində nə kimi dəyişiklik edəcək? Onun qiymət tənzimləməsi funksiyasına təsir edəcəkmi? 26 dekabr 2005-ci il tarixli fərmanı niyə ləğv edilib? Bunu şərtləndirən səbəblər nədir?

Metbuat.az xəbər verir ki, iqtisadçı millət vəkili Azər Badamov mövzu ilə bağlı “Yeni Müsavat”a bunları şərh edib: “Cənab Prezidentin Fərmanı ilə Tarif Şurasının əsasnaməsində dəyişikliklər edilərək bu qurumun icra hakimiyyəti kimi fəaliyyət göstərən orqan kimi statusunu ləğv edilib, ictimai əsaslarla fəaliyyət göstərən katiblik yaradılıb. Həm də şuranın gerbli möhürü ləğv olunur. Gerbli möhürün ləğv olunması müstəqil qərar vermək səlahiyyətinin ləğv olunması deməkdir. Bu fərman ölkə başçısının rəhbərliyi altında aparılan geniş islahatların tərkib hissəsidir. Yəni dövlət idarəçiliyi təkmilləşdirilir. Dövlət idarəçiliyinin təkmilləşdirilməsinin əsas məqsədi idarəçilikdə operativliyin təmini, büdcə vəsaitlərinə qənaət olunmasıdır”.

Tarif Şurasında işləyənlər əsasən dövlət strukturlarında vəzifə tuturlar. Belə olan halda bu orqanı icra hakimiyyəti statusunda saxlayaraq paralel olaraq dövlət büdcəsinə əlavə yük etməyin heç bir əhəmiyyəti yoxdur. Ona görə də şuranın fəaliyyətinin ictimai əsaslarla təmin olması daha düzgündür. Həm də bu fərmanla şuranın strukturu dəyişdirilir. Yəni əsasnamə 2005-ci ildə təsdiq olunandan sonra ölkəmizdə geniş struktur islahatları həyata keçirilib. Nazirlik və komitələr ləğv olunaraq İqtisadiyyat Nazirliyinə birləşdirilib. Ona görə də Tarif Şurasının strukturunda da paralel olaraq dəyişikliyin edilməsi aktuallaşıb. Hesab edirəm ki, cənab Prezidentin imzaladığı Tarif Şurasının Əsasnaməsində dəyişikliklərin edilməsi və bu fərmanda nəzərdə tutulmuş digər bəndlər ölkəmizdə aparılan struktur islahatların davamlı olduğunun və daha dərinləşdiyinin göstəricisidir”.

Hquqşünas, iqtisadçı ekspert Əkrəm Həsənov mövzu ilə bağlı bunları deyib: “Burada əsas mahiyyət ondan ibarətdir ki, əgər indiyə qədər Tarif Şurası icra hakimiyyəti orqanı kimi göstərilirdisə, indi, sadəcə, orqan kimi göstərilir. İndiyə kimi Tarif Şurasının katibliyinin işçiləri dövlət qulluqçuları sayılırdı və dövlətdən maaş alırdısa, bundan sonra katiblik ictimai əsaslarla fəaliyyət göstərən quruma çevrildi. Katibliyin işçiləri maaş almayacaqlar. Edilən bu dəyişikliklər son nəticədə dövlət vəsaitinə qənaət etmək üçün nəzərdə tutulub. Həm də katiblik işçiləri ayrıca vəzifə tutmayacaq”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR