Əhali arasında ən çox hansı dəri xəstəlikləri yayılıb?

"Dəri xəstəlikləri tez-tez baş verir və hər yaşda görünə bilər".

Metbuat.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Mir-Riad Cavadzadə deyib: "Dəri insanın ən böyük və eyni zamanda ən həssas orqanıdır. Ürək, qaraciyər və mədə kimi mürəkkəb bir quruluşa malikdir və həyati vacib funksiyaları yerinə yetirir. Təsadüfi deyil ki, dəri bir çox orqana (saç, dırnaq, selikli qişaların vəziyyətinə) müəyyən bir şəkildə təsir edir. Məsələn, qaraciyər xəstəlikləri halında dəri sarımtıl rəngə çevrilir, qızılca, məhmərək, suçiçəyi kimi ümumi viral xəstəliklər olan təqdirdə dəri səpgilərlə örtülür. Bundan əlavə, uzun müddət olan furunkulyoz diabetin inkişafını göstərə bilər və s. Daxili (endogen) amillər bir çox dəri xəstəliklərinin (metabolik xəstəliklər, daxili organların, sinir sisteminin xəstəlikləri, hipo- və hipervitaminoz (orqanizmdə müəyyən vitamin çatışmazlığı) və s.) əmələ gəlməsində böyük rol oynayır. Bu amillər dərinin funksionallığının və quruluşunun dəyişməsinin səbəbi ola bilər. Dəri xəstəlikləri tez-tez baş verir və hər yaşda görünə bilər. Ən çox qarşılaşdığımız dəri xəstəliklərə akne (piy vəzlərinin tıxanması nəticəsində yaranan uzunmüddətli iltihablı dəri xəstəliyi), atopik dermatit (xronik qaşıntılı iltihabi dəri xəstəliyi), övrə (dərinin allergik mənşəli xroniki xəstəliyi) və s."

Espert bildirib ki, bu xəstəliklərə əsasən payız, qış və yazda rast gəlinir:

"Payızda, qışda və yazda müxtəlif xroniki dəri xəstəliklərinin (atopik dermatit, ekzema, neyrodermit, psoriaz, herpes, övrə və s.) kəskinləşməsi müşahidə oluna bilər. Yaz aylarında günəşin və dənizin faydalı təsiri sayəsində bu xəstəliklər heç bir narahatlığa səbəb ola bilməz. Lakin payız-qış fəslində dermatozların mövsümi kəskinləşməsi başlayır.
Neyrodermatoz bir qrup dermatozlardır, sinir sistemindəki dəyişikliklərinin patogenezlərində əhəmiyyətli bir rol oynayır. Qaşınan səpgiləri və nevrotik pozğunluqlar ilə xarakterizə olunur".

Dermatoloqun sözlərinə görə, uşaqlarda görülən ağ ləkələrin bir qisminin əsas səbəbi vitiliqo xəstəliyidir:

"Uşaqlarda görülən ağ ləkələrin bir qisminin əsas səbəbi vitiliqo xəstəliyidir. Elmi adı vitiliqo, el arasında ala xəstəliyi adlandırılan bu xəstəlik avtoimmun dəri patologiyasıdır. Bu pozğunluqlar melanositlərin - piqment hüceyrələrinin - lezyon mərkəzlərində məhv olunması və ya kəskin azalması səbəbindən yaranır .
Xəstəlik hər yaşda görülə bilər. 50 faiz hallarda xəstəlik 20 yaşadək, xəstələrin üçdə birində - 12 yaşa qədər müşahidə olunur. Bundan əlavə, yaş artdıqca xəstəliyin yayılması tədricən artır.

Vitiliqo ən çox qadınlarda rast gəlinir. Buna səbəb keyfiyyətsiz kosmetik məhsullardan istifadədir. 15-20 faiz hallarda vitiliqo ailənin üzvlərində baş verir. Belə ki, valideynlər və uşaqlar arasında yayılması 7 faiz, eyni əkizlər arasında isə 23 faiz təşkil edir. Bu, xəstəliyin inkişafında genlərin rolu birmənalıdır.
Vitiligonun müalicəsində sistemli, yerli, foto və lazer terapiya aparılır. Vitiligonun inkişafını dayandırmaq üçün stresdən uzaq olmaq, dəriyə xəsarət yetirməmək və günəşli havada təsirlənmiş dərini qorumaq məsləhətdir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

Loading...

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR