Növbəti mərhələdə quru sərhədləri açılacaq –

“Quru sərhədlərini açmaq üçün heç bir maneə yoxdur. Sərhədləri mütləq açmaq lazımdır. Üzü yaya gedir. Yəni turizm mövsümü başlayır. Turizm Azərbaycanın qeyri-neft sektorunun nəhəng istiqamətlərindən biridir. Bu mənada quru sərhədlərinin bağlı qalmasının adı yoxdur”.

Metbuat.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev növbəti mərhələdə quru sərhədlərinin açılması ilə bağlı fikirlərini bölüşərkən bildirib.

M.Quliyev qarşıdakı günlərdə quru sərhədlərinin açılmasının gözlənildiyini vurğulayıb.

Onun sözlərinə görə, sərhədlər tədricən açılmalıdır və bununla bağlı məlumat əhaliyə elan olunmalıdır:

“Bütün dünyada pandemiya yavaş-yavaş sönür. Payıza qədər yəqin ki, pandemiya olmayacaq. Hesab edirəm ki, sərhədlərin açılmasında ləngimək lazım deyil”.

Komitə sədri hələlik maska qadağasının aradan qaldırılmasının tərəfdarı deyil:

“Maska ilə bağlı mənim fikrim fərqlidir. Maskanı hələ də qapalı məkanlarda saxlamaq lazımdır. Nə zamankı Ümumdünya Səhiyyə Təşkilatı pandemiyanın bitdiyini elan edəcək, onda maska qadağasını ləğv etmək olar. Bir sözlə, maska və vaksinasiya davam etməlidir”.

Xatırladaq ki, aprelin 15-dən etibarən Azərbaycan giriş üçün COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənədi təqdim etmək tələbi ləğv olunub. Ölkədaxili uçuşlar zamanı sərnişinlərdən COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd tələb olunmur. Həmçinin, aprelin 15-dən etibarən Bakı-Naxçıvan-Bakı müntəzəm avtobus marşrutunun İran İslam Respublikasının ərazisindən keçməklə hərəkət edən sərnişinlərdən də COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən sənəd tələb edilmir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR