SN: Profilaktik yoxlama məqsədilə KT müayinəsi aparılmamalıdır

"İnsan orqanizminin il ərzində neçə dəfə kompüter tomoqrafiyası tədqiqatı ilə müayinə oluna biləcəyi sualına cavab vermək üçün bir neçə məsələyə aydınlıq gətirmək lazımdır. Birincisi, xəstəliyi müəyyənləşdirmək lazımdır. Məsələn, əgər bir xəstə xərçəngdirsə və onun kimyəvi müalicə müddəti şiş toxumasının ölçülərindən aslıdırsa, bu təqdirdə hər üç aydan bir KT-dən keçə bilər. Eləcə də, əgər xəstə ağır beyin əməliyyatı keçirib və onun vəziyyəti daha da ağırlaşıbsa, bu zaman beynində baş verən prosesləri dəyərləndirmək üçün ard-arda KT müayinəsi təyin oluna bilər. Sadəcə profilaktik yoxlama məqsədilə KT müayinəsi aparılmamalıdır".

Metbuat.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Ağakişi Yəhyayev bildirib. Onun sözlərinə görə, ümumiyyətlə, müayinə metodunun hansı aralıqda istifadə olunması xəstəliyin növündən asılıdır. Burada insan orqanizminə olan zərərdən danışırıqsa, ultrasəs və MRT-nin zərəri olmadığı üçün məhdudiyyət yoxdur:

"Tomoqrafiyada şüa olduğu üçün tez-tez müayinə metodu kimi istifadə olunmur. Bu yenə də xəstəliyin növündən asılıdır. Məsələn, yeni neyrocərahiyyə əməliyyatı olan şəxsdə hansısa fəsad yaranıbsa, cərrah bir həftə ərzində davamlı tomoqrafiya müayinəsini təyin edə bilər. Onkoloji xəstələrdə ilk üç ay, sonra altı aydan və bir ildən bir tomoqrafiya tələb oluna bilər. Təkrar müayinələrin tələbi xəstəlikdən və ilk ultrasəs müayinəsi zamanı tapılmış əlamətlərdən asılı olur. Ultrasəs müayinə başlanğıc müayinə metodudur. Başlanğıcda əgər yüngül dəyişikliklər tapılıbsa (məsələn, qaraciyərin yağlanması, öd kisəsində və böyrəkdə daş), bu zaman ultrasəs müayinəsinin nəticəsi bizi qane edir. Əgər xəstənin şikayətləri ilə təmiz çıxan ultrasəs müayinəsi üst-üstə düşmür, yaxud da ultrasəsdə şübhəli bir məqam varsa, o zaman həkim xəstənin digər radioloji müayinələrdən keçməsini zəruri hesab edə bilər. Xəstəliyin gedişatından asılı olaraq, müayinənin hansı ardıcıllıqla aparılacağına həkim qərar verir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR