"Tərtər işində zərərçəkmiş kimi tanınan şəxslərin sayı

Ötən müddət ərzində işgəncəyə və digər qanunsuz əməllərə məruz qalmış 280 yeni şəxs müəyyən edilərək zərərçəkmiş şəxs qismində tanınmaqla işin halları üzrə tam, hərtərəfli dindirilmiş, onların məhkəmə-tibbi ekspertizadan keçirilmələri təmin edilib.

Metbuat.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, işgəncə faktları üzrə əvvəlki istintaq zamanı zərərçəkmiş kimi tanınan şəxslərlə birlikdə cinayət işləri üzrə hal-hazıradək ümumilikdə 397 zərərçəkmiş şəxs müəyyən olunub.

İş üzrə zərərçəkmiş şəxslərin, habelə qanunsuz əməllərə yol vermiş hərbi qulluqçuların müəyyən edilərək dindirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Bundan başqa, məlumatda qeyd edilbi ki, "Tərtər işi" ilə bağlı Əzizov Polad Seyfəddin oğlu istintaqdan gizləndiyi üçün barəsində axtarış elan edilib.

Eyni zamanda hazırda cəza çəkən Ağayev Fuad Ramiz oğlunun məhkum edildiyi hallardan başqa çoxsaylı zərərçəkmiş şəxslərə qarşı qanunsuz əməllərə yol verməsinə əsaslı şübhələr müəyyən edildiyindən Cinayət Məcəlləsinin 145.3, 293.2, 341.2.2, 341.2.3 və 128-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona müvafiq ittiham elan olunub.

"Tərtər işi" ilə bağlı 16 şəxs barəsində cinayət işi üzrə hökmlər ləğv edilib. Bildirilib ki, əvvəllər dövlətə xəyanət ittihamı ilə barələrində cinayət təqibi aparılıb, lakin sonradan bu hal öz təsdiqini tapmamaqla, hərbi xidmət əleyhinə olan cinayətlərə görə məhkum olunmuş 16 şəxs barəsində 16 cinayət işi üzrə verilən apellyasiya protestləri təmin edilərək müvafiq hökmlər ləğv edilib, həmçinin birinci instansiya məhkəmələri tərəfindən qeyd olunan işlərin əlavə istintaq aparılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına dair qərarlar qəbul edilib. Həmin şəxslər barəsində cinayət təqibi ilə bağlı bütün hallar hərtərəfli, tam və obyektiv araşdırılaraq yenidən yekun qərarların qəbul edilməsi təmin ediləcəkdir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR