Polisə yalan məlumat verən şəxs:

Ötən il Gəncədə polisə yalan məlumat verən şəxs barədə qərar verilib.

Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, keçən il 2 iyul tarixində Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək Gəncə Şəhər İcra Hakimiyyətinin binasına ümumilikdə 13 ədəd partlayıcı yerləşdirildiyini deyən şəxsin 1973-cü il təvəllüdlü Şakir Məmmədov olması üzə çıxıb. Onun barəsində Cinayət Məcəlləsinin 216-cı (Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə iş açılıb.

Məlum olub ki, polisə zəng edən şəxs İcra Hakimiyyətinə qoyulmuş bombaların 1 saat yarımdan sonra partlayacağını deyib. Araşdırmalar zamanı məlumatın həqiqətə uyğun olmaması üzə çıxıb və Şakir Məmmədovun polisə zəng edərkən sərxoş halda olması dəqiqləşib.

Ş. Məmmədov ifadəsində bildirib ki, o, uzun müddət Rusiyada bizneslə məşğul olub və orada xeyli miqdarda borclandığı üçün Gəncəyə qayıdıb. Lakin daim spirtli içki qəbul etdiyindən anası ona “Jeep” markalı avtomobili idarə etməyə imkan verməyib və maşını gizlədib. Bundan sonra o, anasına əsəbiləşərək polisə yalan məlumat vermək və diqqəti üzərinə cəlb etmək qərarına gəlib: “Həmin vaxt sərxoş olduğuma görə danışdıqlarım yadıma gəlmir. Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdikdən sonra polis əməkdaşları gəlib məni sərxoşluq müayinəsindən keçirdilər. Həmin vaxt polislər məndən bombaları haraya qoyduğumu soruşanda sərxoş olduğum üçün “bombanı ürəyimə qoymuşam” dedim”.

Cinayət işi üzrə məhkəmə prosesi Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilib. Bir neçə gün əvvəl proses başa çatıb və məhkəmə Şakir Məmmədovu qeyd edilən maddə ilə təqsirli bilərək 5 il müddətinə azadlıqdan məhrum edib. O, məhkəmə zalında həbs edilərək təcridxanaya göndərilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR