Əhməd İsmayılov: “Media Reyestrinin aparılması qaydaları razılaşdırma mərhələsindədir”

"Hazırda Media Reyestrinin aparılması qaydalarının qurumlarla razılaşdırması yekunlaşma mərhələsindədir".

Metbuat.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov APA-ya müsahibəsində deyib.

- “Media haqqında” Qanunun pozulmasına görə inzibati məsuliyyəti müəyyən edən qanun layihəsinin hazırlanması ilə bağlı təkliflərinizi təqdim etmisiniz? Həmin təkliflərdə nələr nəzərdə tutulur?

- “Media haqqında” Qanunun qəbul olmasından sonra Prezident İlham Əliyevin Fərmanına uyğun olaraq biz bütün normativ hüquqi aktlara dəyişikliklər layihəsini uyğunlaşdırma qaydasında təqdim etmişik. Azərbaycanda Media Reyestrinin aparılması qaydaları və jurnalist vəsiqələrinin nümunəvi formasının təsdiqi ilə bağlı tapşırıqlar var idi. Bu normativ hüquqi aktların layihələri də hazırlanıb aidiyyəti üzrə təqdim olunmaqdadır. Hazırda müvafiq dövlət qurumları ilə birgə həmin layihələrin müzakirəsi davam etdirilir və razılaşdırıldıqdan sonra nəzərdə tutulmuş müddətlərdə hökumətə təqdim olunacaq. Cənab Prezidentin Fərmanında olan tapşırıqlar çərçivəsində “Media haqqında” Qanunun pozulmasına görə inzibati məsuliyyətin müəyyən edilməsi ilə bağlı məsələlər də hazırda müzakirə obyektidir. Müzakirələr nəticəsində məqsədə müvafiq bilindiyi halda razılaşdırılmış şəkildə təkliflərimiz olacaq. Hazırda da normativ hüquqi aktlarda media ilə bağlı və jurnalist fəaliyyətindən sui-istifadə ilə bağlı normalar mövcuddur. Əgər qanunun tətbiqi ilə bağlı həmin müddəalarda dəyişiklik olunması zərurəti meydana çıxarsa, bununla bağlı təkliflərimiz təqdim olunacaq.

- Media Reyestrinin aparılması qaydalarının layihəsi hazırlanıb?

- Bayaq da qeyd etdiyim kimi, hazırda Media Reyestrinin aparılması qaydalarının qurumlarla razılaşdırması yekunlaşma mərhələsindədir. Razılaşdırıldıqdan sonra hökumətə təqdim olunacaq və artıq müvafiq şəkildə qaydalar təsdiq olunacaq. Qaydalar təsdiq olunduqdan sonra həmin Reyestrin informasiya texnologiyalarının tələbləri nəzərə alınmaqla, onun proqram təminatının yazılması və digər texniki tələbləri işlənib hazırlanıb yekunlaşdırılacaq. Daha qısa müddətdə onun media ictimaiyyətinə təqdim olunması həyata keçiriləcək.

- Jurnalist vəsiqəsinin forması müəyyənləşib? Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödənişin məbləği barədə təklifiniz necədir?

- “Media haqqında” Qanuna əsasən, buna görə müəyyən haqq nəzərdə tutulub. Çünki bildiyiniz kimi, dövlət tərəfindən verilən bütün xidmətlərin haqları, rüsumları var. O da hazırda müzakirə obyektidir. Vəsiqənin təqdim olunması üçün müəyyən haqqın təsdiq olunmasına ehtiyac var. Yəni təsdiq olunduqdan sonra bu barədə mediaya müvafiq məlumatlar ötürəcəyik.

- Hər hansı məbləğ düşünülüb?

- Hər hansı xidmətin həyata keçirilməsi üçün vəsiqənin işlənib hazırlanması və jurnalistlərə təqdim olunması ilə bağlı nə qədər xərc varsa, onu aşmayacaq. Bu, çox bahalı xidmət deyil.

- Bəs istinad sahəsində problemlərin aradan qaldırılması üçün hansı mexanizmlərdən istifadə olunacaq?

- “Media haqqında” Qanunda müəlliflik hüquqları ilə bağlı məsələlərə aydınlıq gətirilib. Bizim MEDİA Agentliyi bu məsələyə çox diqqətlə yanaşır. Bu günlərdə biz peşə etika qaydaları ilə bağlı da hər bir media subyektinin peşə kodeksinin hazırlanması üçün köməklik göstərmək məqsədilə nümunəvi bir formanı media subyektlərinə təqdim etmişik. Hazırda media subyektlərində həmin nümunəvi formaya əsasən, müzakirələr aparılır və media subyektlərinin özləri tərəfindən onların təkmilləşdirilməsi və hər bir media subyektinin özünə uyğun redaksiya siyasəti çərçivəsində həmin peşə etikası kodekslərinin təsdiq olunması prosesinə artıq başlanıb. Media subyektlərinin saytlarında, öz informasiya ehtiyatlarında həmin qaydaların yerləşdirilməsi həyata keçiriləcək. Düşünürük ki, bu kodekslərin tətbiq olunması, hər bir media subyektində bunun rəhbər tutulması özü də müəlliflik hüquqlarının qorunmasına təkan verəcək. Lakin bu elə məsələdir ki, müəlliflik hüququ ilə bağlı hər bir şəxs özü müraciətlər etməlidir və özü də öz hüquqlarının qorunması ilə bağlı digər media subyektlərinə öz fikrini bildirməlidir. Media Agentliyi olaraq biz bu hallara çox ciddi yanaşırıq. Monitorinqlərdə də belə hallara rast gəldikdə, media subyektlərinə belə halların aradan qaldırılması ilə bağlı tövsiyələr verməkdəyik.

Hər bir jurnalistimizin və media subyektimizin hüquqlarını “Media haqqında” Qanun təmin edir. Bu hüquqların qorunmasında hər hansı köməkliyə ehtiyac olarsa və Media Agentliyinə müraciət etdikləri təqdirdə bizim tərəfimizdən səlahiyyətlərimiz çərçivəsində, normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla müvafiq köməklik göstəriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR