Azərbaycan komandası Dünya Kubokunda birinci yeri tutdu

Bakıda keçirilən bədii gimnastika üzrə FIG Dünya Kubokunda beş halqa ilə qrup hərəkətləri üzrə Azərbaycanı təmsil edən komanda birinci yeri tutub.

Metbuat.az xəbər verir ki, beş halqa ilə hərəkətlər proqramını Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Yelizaveta Luzan və Daria Sorokinadan ibarət komanda təqdim edib. Komanda nəticədə 32.850 xal toplayıb.

İtaliya komandası ikinci (32,450 xal), İsrail komandası üçüncü yerdədir (32,050 xal).

Aprelin 22-dən 24-dək Bakıda Bədii Gimnastika üzrə Dünya kuboku keçirilir. Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi etdiyi 5-ci beynəlxalq yarışda 31 ölkədən 42-si fərdi və 84-ü qrup komandasının (14 qrup) üzvü olmaqla 126 gimnast iştirak edir.

Azərbaycan millisi yarışın bütün finallarında təmsil olunur: Arzu Cəlilova halqa, top və lentlə hərəkətlərdə, Zöhrə Ağamirova halqa və gürzlə proqram nümayiş etdirəcək. Qrup çıxışlarında komanda əvvəlcə beş halqa, sonra üç lent və iki topla olan kompozisiya təqdim edəcək. Komandada Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Dariya Sorokina yer alıb.

Qeyd edək ki, ötən gün Azərbaycan komandası qrup çıxışlarında çoxnövçülükdə FIG Dünya Kuboku yarışlarının "gümüş" medalını qazanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR