SOCAR-ın oteli 9 milyon manata hərraca çıxarılacaq

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti mayın 10-da dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti dəfə hərrac keçirəcək.

Metbuat.az nazirliyə istinadən xəbər verir ki, hərraca 15 kiçik dövlət müəssisə və obyekti, 1 yarımçıq tikili çıxarılacaq.

Kiçik dövlət müəssisəsi və obyektləri paytaxtla yanaşı Gəncə, Lənkəran, Şəmkir, Balakən və digər rayonlarda yerləşir. Həmin obyektlər xidmət, sənaye sahələrinə aiddir. Əmlakların ümumi faydalı sahəsi 16 kvadratmetrlə 9 298 kvadratmetr arasında dəyişir. Hərraca çıxarılan əmlaklardan ilkin satış qiyməti ən yüksək olanı Balakən şəhərində yerləşən, Dövlət Neft Şirkətinə (SOCAR) məxsus “Qubek Otel”dir. Adı çəkilən obyekt 9,1 milyon manata təklif olunur.

Tam siyahı ilə burada tanış olmaq mümkündür: (https://bit.ly/3mmNVpB ).

Özəlləşdirmə hərraclarında iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i qədər bei ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.

Hərrac günü prosesə marağı olanlar həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR