Yəmən ordu ilə şiə üsyançıları arasında döyüşlər gedir

10:57 19 Yanvar 2015
88 Dünya
Ölkə mətbuatı
A- A+

Yəmənin paytaxtı Səna şəhərində Prezident Sarayı yaxınlığında şiə üsyançıları ilə Yəmən ordusu arasında döyüşlər başlayıb.

APA-nın “Reuters”ə istinadən xəbərinə görə, yerli sakinlər prezident Əbd Rəbbo Mənsur Hadinin iqamətgahı ətrafında atəş səslərinin eşidildiyini bildiriblər.

Naməlum şəxslər şənbə günü Prezident Administrasiyasının rəhbəri Əhməd Avad Mübarəki girov götürüblər. İlkin məlumata görə, bu hadisənin arxasında Mübarəkin baş nazir olmasının əleyhinə çıxış edən şiələr dayanırlar. Buna cavab olaraq ölkənin cənub əyalətlərinin liderləri Mübarəkin azad edilməsi üçün şiələrə 24 saat vaxt veriblər. Eyni zamanda Hadramaut, Şabva və Maribdəki tərəfdarlarını neft-qaz şirkətlərinin fəaliyyətini dayandırmağa hazır olmağa çağırıblar.

Qeyd edək ki, 2011-ci ildə dinc yolla gerçəkləşən hakimiyyət dəyişikliyindən sonra Yəməndə qeyri-stabil vəziyyət hökm sürür. Ölkənin cənubunda “əl-Qaidə” terror təşkilatının terror aksiyaları səngimir. Üsyançı şiələrin “Ənsar Əlla” hərəkatı isə Yəmənin qərbindəki bir sıra vilayətləri və yaşayış məntəqələrini nəzarət altında saxlayır. Onlar hökumətin neft məhsullarına subsidiyaları ixtisar etməsinə və bunun nəticəsində yanacağın qiymətinin kəskin artmasına etiraz edirlər.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR