Bakıda dünya kuboku keçiriləcək

"Bakı atıcılıq üzrə dünya kuboku yarışına ev sahibliyi etməyə tam hazırdır".

Bu sözləri Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov deyib.

O bildirib ki, pandemiya ilə əlaqədar 2020-2021-ci illərdə idmanın bu növü üzrə ölkəmizdə planlaşdırılmış beynəlxalq səviyyəli mötəbər yarışlar baş tutmasa da, Bakı Atıcılıq Mərkəzində ölkədaxili turnirlə keçirilib, komandalarımızın hazırlıqları davam edib.

Federasiya rəsmisinin sözlərinə görə, mövcud əlverişli şərait idmanın bu növünə marağın artmasına da imkan yaradıb: “Bu il aprelin 28-dən mayın 2-dək keçirilmiş güllə atıcılığı üzrə Azərbaycan çempionatı yeniyetmə və gənclərimiz arasında idmanın bu növünə böyük maraq olduğunu bir daha nümayiş etdirib. Ölkənin regionlarından olan və müxtəlif idman klublarını təmsil edən 60-dan artıq gənc 10 metr məsafəyə pnevmatik tapança və pnevmatik tüfəng, 25 və 50 metr məsafəyə kiçikçaplı tapançadan atıcılıq üzrə yarışıblar”.

Emin Cəfərov Beynəlxalq İdman Atıcılıq Federasiyasının (ISSF) icraiyyə komitəsinin qərarı ilə mayın 27-dən iyunun 7-dək Bakıda keçiriləcək dünya kuboku yarışında atletlərin güllə və stend atıcılığının 15 Olimpiya növündə mübarizə aparacaqlarını bildirib. Baş katib vurğulayıb ki, bu mötəbər yarışda Bakı Atıcılıq Mərkəzi dünyanın 70-dən çox ölkəsinin 700-dək idmançısını qarşılayacaq. Tanınmış atıcılar, dünya və Avropa çempionları, Olimpiya Oyunlarının qalibləri bu dəfə mükafatlar uğrunda Azərbaycanda yarışacaqlar.

Qeyd edək ki, 2015-ci ildə istifadəyə verilmiş Bakı Atıcılıq Mərkəzi 16 hektar sahəni əhatə etməklə, infrastrukturu və təchizatı ilə Avropanın ən yaxşı 4 mərkəzindən biri hesab olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR