Təsviri sənət istiqamətinə aid ixtisasları seçən abituriyentlərin

Təsviri sənət istiqamətinə aid ixtisaslara qəbul olmaq üçün abituriyent əvvəlcə V ixtisas qrupu üzrə qəbul imtahanının I mərhələsində (cari ilin abituriyentləri üçün buraxılış imtahanı) iştirak edərək azı 60 bal toplamalıdır. Bundan sonra istədiyi Qabiliyyət imtahanı komissiyası üzrə qeydiyyatdan keçməlidir. Abituriyent maksimum 4 komissiya üzrə qeydiyyatdan keçə bilər.

Metbuat.az-a Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, dizayn və təsviri incəsənət müəllimliyi komissiyaları üzrə qeydiyyatdan keçən abituriyent yalnız bir imtahan - rəsm imtahanı verir. Rəngkarlıq, qrafika, heykəltəraşlıq və dekorativ-tətbiqi sənət (sahələr üzrə) komissiyaları üzrə qeydiyyatdan keçən abituriyent 2 fəndən - rəsm və rəngkarlıqdan imtahan verir.

Rəngkarlıq, qrafika, heykəltəraşlıq, dizayn (sahələr üzrə) və dekorativ-tətbiqi sənət (sahələr üzrə) ixtisasları üzrə qabiliyyət imtahanlarının qiymətləndirilməsi 10 ballıq şkala ilə aparılır. Müsabiqədə iştirak etmək üçün abituriyentin xüsusi qabiliyyət imtahanının yekun nəticəsi 6 və daha yuxarı bal olmalıdır. Bu ixtisaslar üzrə rəsm imtahanından 6-dan aşağı qiymət alan abituriyent rəngkarlıq imtahanına buraxılmır. Rəngkarlıq, qrafika, heykəltəraşlıq, dizayn (sahələr üzrə) və dekorativ-tətbiqi sənət (sahələr üzrə) ixtisaslarına qəbul üçün müsabiqə abituriyentin qabiliyyət imtahanından topladığı yekun bal əsasında aparılır.

Təsviri incəsənət müəllimliyi ixtisası üzrə xüsusi qabiliyyət imtahanının yekun nəticəsi isə “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir. “Məqbul” qiymət almaq üçün 10 ballıq qiymətləndirmə şkalası üzrə abituriyentin imtahan nəticəsi 6 bal və daha yuxarı olmalıdır. Məqbul qiymət alan abituriyent müsabiqəyə buraxılır. Təsviri incəsənət müəllimliyi ixtisasına qəbul üçün müsabiqə abituriyentin qəbul imtahanının I mərhələsindən (cari ilin abituriyentləri üçün buraxılış imtahanından) topladığı bal əsasında aparılır.

Abituriyent təsviri sənət istiqaməti üzrə imtahanlara hazırlaşmaq üçün qəbul olmaq istədiyi ixtisasa uyğun qəbul proqramı ilə tanış olmalıdır. Qəbul proqramları “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1-ci nömrəsində ətraflı verilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR