Beş ölkədən quşçuluq məhsullarının idxalı məhdudlaşdırılıb

Tətbiq olunan məhdudiyyətlərin məqsədi respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmasıdır.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Metbuat.az-a verilən məlumata görə, daha 5 ölkədən quşçuluq məhsullarının idxalı və ölkə ərazisindən tranzitinə müvəqqəti məhdudiyyət qoyulub.

İndoneziyanın Açeh və Cava-Timur əyalətlərindən, İsveçin Skane əyalətindən, Bolqarıstanın Qabrovo vilayətindən, ABŞ-ın Yuta ştatından, Filippinin İsabela, Cənubi Davao, Cənubi Kotabato və Maqindanao əyalətlərindən quş və quş əti məhsullarının idxalına, habelə qeyd olunan ölkələrin həmin inzibati ərazi vahidlərindən diri quşların Azərbaycan ərazisindən tranzitinə müvəqqəti məhdudiyyət tətbiq olunub. Həmin ərazilərdə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə ABŞ-dan, İsveç Krallığından, İndoneziya, Filippin və Bolqarıstan respublikalarından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Agentlik başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq tədbirlər həyata keçirir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR