Qafqazşünaslıq İnstitutunun əməkdaşı Aristotel Universitetində təcrübə mübadiləsində -

AMEA-nın Qafqazşünaslıq İnstitutunun əməkdaşları tədqiqat profillərinə uyğun olaraq, elmlə təhsilin inteqrasiyası çərçivəsində ölkənin müxtəlif ali təhsil müəssisələrində mühazirələr oxuyurlar. Bu baxımdan Qafqazşünaslıq İnstitutu ilə Bakı Avrasiya Universiteti (BAAU) arasında sıx əlaqələr var.

Metbuat.az xəbər verir ki, bu əlaqələrdən irəli gələrək, Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə Avropa İttifaqının “Erasmus+” Mobillik Proqramı çərçivəsində BAAU-nun dosenti kimi Yunanıstanın Saloniki şəhərində yerləşən Aristotel Universitetində təcrübə mübadiləsində iştirak edib.

E.Kəlbizadə Aristotel Universitetinin Avropa Proqramları Departamentinin, Fəlsəfə fakültəsinin nəzdində fəaliyyət göstərən Tarix və Arxeologiya Departamentinin Yeni və müasir tarix kafedrasının, Tarixi tədqiqatlar laboratoriyasının, Siyasi elmlər və iqtisadiyyat fakültəsinin işi ilə yaxından tanış olub, həmçinin Tarix və Arxeologiya Departamentinin professor-müəllim heyəti, doktorantura, magistratura və bakalavr pillələrində təhsil alan tələbələrə XX əsrdə Cənubi Qafqazda ərazi-sərhəd dəyişiklikləri və mövcud durum, region ölkələrinin Yunanıstanla əlaqələri, Azərbaycan Respublikasının enerji diplomatiyası, multikulturalizm siyasətinə dair mühazirələr oxuyub. Universitetin Tarixi tədqiqatlar laboratoriyasının rəhbəri Yohannis Ksidapolousun təklifi ilə gələcəkdə professor-müəllim və tələbə heyəti üçün onlayn seminarların təşkili planlaşdırılıb.

Səfər çərçivəsində E.Kəlbizadə, həmçinin Salonikidəki Atatürk Evində, Bizans, Arxeologiya, Yəhudi muzeylərində, şəhərdəki Antik dövrə aid Roma Aqorasında və digər tarixi məkanlarda da olub.

Qeyd edək ki, Saloniki Aristotel Universiteti “Clarivate”nin apardığı statistikaya əsasən, dünya universitetləri arasında keyfiyyət göstəricilərinə görə, 335-ci, Yunanıstanda isə ikinci universitetdir. Tələbə və professor-müəllim heyətinin sayına görə isə bu universitet Balkan regionu ölkələrinin universitetləri içərisində ən böyük kontingentə sahib olan universitet hesab edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR