Məktəblərdə baş verən hadisələrdə kimdir günahkar? - Müəllim yoxsa valideyn?

Son günlər məktəblərdə baş verən bıçaqlanma hadisələri, müəllimlərin şagirdlərə qarşı şiddət göstərməsi ən çox müzakirə olunan məsələlərdəndir. Günü-gündən artan bu faktlar təhsil ocağında baş verənlər barədə düşünməyə vadar edir.

Təkcə bu həftə Xəzər rayonunun Binə qəsəbəsində yerləşən 218 saylı orta məktəbdə iki şagird arasındakı münaqişə bıçaqlanma ilə bitib. Bundan əlavə, Zəngilan rayonu 35 nömrəli məktəbin musiqi müəlliminin VIII sinif şagirdini döyməsi ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Nazirlik tərəfindən isə bu məsələlər araşdırılır.

Sosial şəbəkələrdə fikirlərini yazanlar da az deyil. Kimisi günahı valideynlərdə, kimisi müəllimlərdə gördü. Həmin fikirlərdən bir neçəsi:

Təhsil eksperti Adil Vəliyev Metbuat.az-a bildirdi ki, valideyn-müəllim münasibətləri düzgün qorulmadığı müddətdə bu kimi problemlər baş verir. Onun sözlərinə görə, belə şagirdlər xüsusi məktəblərdə təhsil almalı və onların özlərini kəşf edə bilmələri üçün şərait yaradılmalıdır:

"Çox təəssüf ki, son zamanlar ard-arda şagirdlər arasında kütləvi davalar, bıçaqla bir-birinə xəsarət yetirmələr və intihar xəbərlərini tez-tez eşidirik. Ən qorxulusu isə bunu edən şagirdlərin aşağı yaş qrupundan olmasıdır. Məktəblərin yaxınlığında 14-15 yaşlı şagirdlərin əlində təsbeh, ağzında siqaret, sanki təhsil müəssisəsində deyil, özlərini "fərqli" bir yerdə hiss etdiklərini görürük. Düşünürəm ki, bu şagirdlərin valideynləri demək olar ki, onların nə dərsləri, nə tərbiyəsi, nə də məktəb davamiyyəti haqqında maraqlanmır. Nəticədə bütün yük müəllimlərin üzərinə düşür. Bu tip şagirdlər evdə valideynlərini saymadıqları kimi, əlbəttə, məktəbdə müəllimi də saymırlar. Yuxarı sinif şagirdlərinin valideyinlərindən bir çoxu övladının etdiklərindən xəbərdar olduğu üçün nə valideyn iclasına qatılır, nə də müəllimi ilə əlaqə saxlayırlar. Ancaq bilmək lazımdır ki, çıxış yolu bu deyil. Şagirdlərin ilk tərbiyə aldıqları müəssisə onların evi, müəllimləri isə valideyinləri olur. Daha sonra məktəbdə müəllim üzərinə düşən vəzifəni doğru yerinə yetirməli, müəllim şagird valideyn münasibətlərini əlaqəli bir şəkildə qoruyub saxlamalıdır. Bu tip şagirdlər üçün inkişaf etmiş ölkələrdə xüsusi məktəblər var ki, ilk öncə onların təlim-tərbiyəsi ilə məşğul olurlar. Və ya şagirdlərin asudə vaxtları üçün kifayət qədər sosial fəaliyyətlərlə məşğul olurlar ki, onlar öz enerjilərini, bilik-bacarıqlarını, maraqlarını kəşf edə bilsinlər. Həmin şagirdlər cəmiyyətə qaytarıldıqdan sonra yenidən təhsil aldıqları müəssisəyə bərpa olunurlar. İstər valideyn, istər müəllim, istərsə də vətəndaş kimi gənclərə doğru yolu sözlə deyil, hiss edə biləcəkləri yolla göstərməliyik. Biz vətəndaş olaraq hər zaman gəncliyimizin yanında olmalıyıq. Gənclər gələcəyimizdir deyiriksə, gələcəyimizə dəyər verməli və qorumalıyıq. Heç bir nəticə onların canlarından, sağlamlığından vacib deyil".

Adil Vəliyev

Məktəblərdə şagirdlər arasındakı münasibətlərdən danışarkən TƏBİB-in psixoloqu Elmir Tağıyev Metbuat.az-a bildirdi ki, azyaşlılarda yeniyetməlik dövründə bu hallar baş verir. Bunun isə bir çox səbəbləri ola bilər:

“Bu gün nəinki yetkin, həm də azyaşlıların sərgilədiyi aqressiv davranışların şahidi oluruq. Azyaşlılar arasında aqressiv halların səbəblərinə baxsaq, burada həm bioloji, həm psixoloji, həm də sosial əlaqənin olduğunu görəcəyik. Psixoloji səbəb kimi onu qeyd edə bilərəm ki, yeniyetməlik dövründə insan özünü artıq sanki yetkin və müstəqil insan kimi hiss edir. Həmçinin istəyir ki, bunu müxtəlif yollarla sübut etsin. Valideynlər isə onlara uşaq kimi davranır. Belə olan halda onlar özlərini sübut etmək üçün hər yola əl atmağa hazır olur. Buna isə biz psixologiyada natamamlıq kompleksi deyirik. Özünü kişi kimi hiss etmək, öz gücü ilə öyünmək üçün azyaşlılar hər an dalaşmağa hazır olurlar. Hətta deyərdim ki, sanki bunun üçün fürsət axtarırlar. Əlavə olaraq, risk qrupuna daxil olan, yəni uşaqlıq dövründə şiddətə məruz qalan uşaqlar da aqressivliyə meyilli olurlar. Bu travmalar sonradan onlarda aqressiyanı tətikləyir və bu da əksər hallarda azyaşlı və ya yeniyetmə dövrünə təsadüf edir”.

Elmir Tağıyev

Psixoloq baş verən proseslərə qarşı valideynlərin də diqqətli olmalı olduğunu qeyd etdi:

“Valideynlər ilk növbədə öz şəxsi problemlərini uşaqlara yansıltmamalıdır. Valideyn öz məsuliyyətini dərk etməlidir ki, bunu övladlarına da ötürə bilsin. Əlavə olaraq onlar uşaqlarına məktəb qaydalarını və bu qaydalara riayət etməli olduqlarını aşılamalıdır”.

Gülər Seymurqızı / METBUAT.AZ

Yazı Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "uşaq və gənclərin fiziki və mənəvi inkişafı" mövzusu üzrə dərc olunub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR