Ötən il TV və radiolar reklamdan 42 milyon manatdan çox gəlir əldə edib

2021-ci ildə ümumölkə yayımçılarının reklam gəlirləri (ƏDV daxil olmaqla) ümumi olaraq 42.300.000 manat təşkil etdiyi qeyd olunub.

Metbuat.az xəbər verir ki, bu, Azərbaycan Respublikası Audiovizual Şurasının 2021-ci il üçün audiovizual industriya bazarının illik qısa analizində qeyd olunub. Belə ki, 35.900.000 manat - televiziya yayımçılarına (AZTV, Mədəniyyət TV, İdman TV, İTV, Space TV, ATV, Xəzər TV, ARB, ARB 24, CBC Sport TV, Real TV), 6.400.000 manat - radio yayımçılarına (Azərbaycan Radiosu, İctimai Radio, Space Radio, Azad Azərbaycan Radiosu, 106FM, ASAN Radio, Avto FM, Radio TMB, Radio Enerji, Xəzər FM, Araz Radiosu, Media FM) aiddir.

2019-cu və 2020-ci illərlə müqayisədə reklam gəlirlərinin əhəmiyyətli dərəcədə artması bir tərəfdən ölkə daxilində iqtisadi fəallığın artması ilə, digər tərəfdən reklam qanunverciliyinə riayət olunmasına nəzarət sahəsində Şura tərəfindən atılmış addımların nəticəsi ilə əlaqədardır. Cari ilin əvvəlindən müşahidə etdiyimiz vəziyyət 2022-ci ildə yayımçıların reklam gəlirlərinin artacağını proqnozlaşdırmaq imkanı verir.

Həmçinin Ümumölkə televiziya və radio yayımçılarında 4374 nəfər fəaliyyət göstərir. Bildirilib ki, onlardan 4011 nəfər televiziya, 363 nəfər isə radio sahəsində məşğuldur.

Dövlət büdcəsindən maliyyələşən yayımçılarda (AZTV, Mədəniyyət TV, İdman TV, İTV, İctimai Radio, Azərbaycan Radiosu) 1920 nəfər, dövlət büdcəsindən maliyyələşməyən yayımçılarda (Space TV, ATV, Xəzər TV, ARB, ARB 24, CBC Sport TV, Real TV, Space Radio, Azad Azərbaycan Radio, 106FM, Xəzər FM, Araz Radio, Media FM, Radio Enerji, Radio TMB, ASAN Radio, Avto FM) isə 2454 nəfər işləyir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR