DYP “Formula 1”ə görə sürücülərə alternativ yollar təklif edib - SİYAHI

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsi paytaxt sakinlərinə və regionlardan paytaxta gələn əhaliyə müraciət edib.

Metbuat.az xəbər verir ki, idarənin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib ki, DYP iyun ayının ilk 15 günü ərzində şəxsi avtomobillərdən maksimum dərəcədə az istifadə etməyi xahiş edir:

“Formula 1” üzrə Azərbaycan Qran-prisi üzrə aparılan işlər və irəliləyən günlərdə keçirilməsi nəzərdə tutulan yarış paytaxtın mərkəzi ərazisndəki yollarda hərəkətin məhdudlaşdırılması və istiqamətlərin dəyişdirilməsini zəruri edir. Hazırda nəzərdə tutulan zolaqların daralması parklama imkanlarının isə demək olar ki, tam məhdudlaşması mərkəzi ərazidə, eləcə də paytaxtın Cənub qapısı sayılan Bakı-Salyan yolu istiqamətində ciddi yüklənmələrə səbəb olur. Bu da paytaxtın onsuz da gərgin olan hərəkət dinamikasına təsirsiz ötüşmür. Ümumi hərəkət dinamikası isə öz növbəsində zəncirvari effektlə digər küçə və prospektlərdə də yüklənmələrə və yollarda ciddi sıxlığa səbəb olur”.

“Bu müddət ərzində əsasən ictimai nəqliyyata üstünlük verməyi, şəhərin mərkəzinə doğru şəxsi avtomobillərlə hərəkəti maksimum azaltmağı, təqdim edilən marşrutlar üzrə hərəkət etməyi tövsiyə edirik.

Vətəndaşlarımız Cənubdan mərkəzə doğru, yəni Azneft və Neftçilər dairəsinə alternativ kimi Bakı-Salyan yolunun 14-cü km-liyindən Lökbatan dairəsi istiqamətində üçüncü kənar dairəvi yolla 20 Yanvar və ya Yeni Yasamal ərazisindən keçməklə hərəkət etsinlər.

Eyni zamanda, sürücülərə 20-ci sahə, Bayıl qəsəbəsində yaşayanlar isə qəsəbənin daxili yolları ilə Qurban Abbasov küçəsindən keçməklə Teymur Elçin, Mehdi Hüseyn və Lermontov küçələri ilə hərəkət etməklə mərkəzə doğru hərəkət etmələri tövsiyə olunur”, - A.Əsgərli vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR