I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.

DİM-dən Metbuat.az-a verilən məlumata görə, imtahan 12 şəhər və rayonda təşkil olunub.

İmtahan keçirilən şəhər və rayonlarda 70 imtahan binası, 1262 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 70 ümumi imtahan rəhbəri, 211 imtahan rəhbəri, 1557 nəzarətçi–müəllim, 188 buraxılış rejimi əməkdaşı, 70 bina nümayəndəsi ayrılıb.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

1 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub. Üzərində mobil telefon tutulduğu üçün imtahandan xaric olunanların nəticələri ləğv olunur və onlar yay qəbul imtahanlarına da buraxılmırlar.

İmtahanda 16786 abituriyentin iştirakı nəzərdə tutulurdu. İmtahanda, həmçinin 5 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edib. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.

İmtahanda istifadə olunmuş qapalı və kodlaşdırıla bilən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları yaxın saatlarda Mərkəzin “Teleqram” kanalına (https://t.me/stateexamcenter), digər sosial şəbəkə hesablarına və saytına yerləşdiriləcək.

Bu gün saat 16:00-da DİM-in “Youtube” və “Facebook” səhifələri vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən həm I, həm də IV ixtisas qrupu üzrə imtahanlarda istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək.

Abituriyentlər suallarını “Facebook”da yerləşdirilən müvafiq postun altına yaza və ya info@dim.gov.az elektron poçtuna göndərə bilərlər.

İyunun 6-dan etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq.

İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR