Allahşükür Paşazadə Türkiyəyə səfərə gedir

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə bu gün Türkiyəyə səfərə yola düşür.

Bu barədə Metbuat.az-a QMİ-nin Mətbuat Xidmətindən məlumat verilib.

Səfər “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri professor Akkan Suverin dəvəti ilə baş tutur.

Vəqfin təşkilatçılığı ilə 7-9 iyunda İstanbul şəhərində baş tutacaq XXV Avrasiya İqtisadi Zirvə toplantısı çərçivəsində Şeyxülislam A. Paşazadə “Qida, ərzaq, əmtəə böhranı, müharibə Paris Anlaşmasını kölgələyəcəkmi?” mövzusunda panel iclasda əsas məruzəçi kimi çıxış edəcək, dünyada mövcud iqtisadi problemlərin mənəvi baxımdan dəyərləndirilməsinə dair fikirlərini bölüşəcək.

Çıxışında QMİ sədri işğal dövründə Qarabağ ərazisində törədilmiş ekoloji fəlakətin miqyasından, Vətən müharibəsindəki Zəfərdən sonra Azərbaycan dövlətinin azad olunmuş torpaqlarımızda apardığı geniş bərpa- quruculuq işlərindən bəhs edəcək.

Dörddə bir əsr ərzində mütəmadi olaraq keçirilən, dövlət və hökumət başçıları, parlamentarilər və tanınmış ictimai xadimlərin qatıldığı mötəbər toplantının builki zirvəsində postpandemiya dövründə dünyada yaşanan sosial və iqtisadi problemlərin həlli yolları müzakirə ediləcək, enerji və ərzaq təhlükəsizliyi problemləri gündəmdə olacaq.

Şeyxülislam Allahşükür Paşazadə tədbir çərçivəsində Avrasiya İqtisadi Zirvə görüşünün nüfuzlu iştirakçıları ilə görüşlər keçirəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR