"Azərbaycana qarşı təxribat yayan KİV-lər ermənilər tərəfindən realizə edilir" - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Azərbaycan ərazisindən Rusiyanın "RİA Novosti" agentliyinə giriş bloklandı. Buna səbəb, özünü Azərbaycan ərazilərindəki qanunsuz qurumun qondarma naziri kimi təqdim edən Artak Beqlaryanın sözügedən agentliyə müsahibəsi olub.

Məsələyə münasibət bildirən Jurnalistlərin Həmkarlar İttifaqının sədri, media eksperti Müşfiq Ələsgərli Metbuat.az-a açıqlamasında vurğuladı ki, Rusiya kütləvi informasiya vasitələri tərəfindən Azərbaycana qarşı bu kimi təxribatlar uzunmüddətdir ki, mövcuddur. Müsahibimiz deyir ki, bu hadisələr son iki ildə yəni İkinci Qarabağ müharibəsindən başlayaraq xüsusi aktuallıq kəsb etməyə başlayıb. Mütəmadi olaraq Rusiyada olan KİV-lərin təxribatı daha da intensivləşsə də, Azərbaycan bu məsələlərə həssas yanaşıb.

Bəs rəsmi Bakının bu təxribatlara qarşı təmkinli yanaşmasına səbəb nədir?

Media eksperti:

“Rusiya ərazisində çoxsaylı erməni millətindən olan şəxslər yaşayır və onlar güclü diaspor təşkilatlara malikdirlər. Eyni zamanda, bu diasporun təsirində olan bir çox kütləvi informasiya vasitələri mövcuddur. Bizdə ola statistik məlumata görə, Rusiya ərazisində ermənilərə məxsus 140-dan çox KİV qurumları və məşhur birliklər mövcuddur. Eyni zamanda Rusiyanın özündə olan kütləvi informasiya vasitələrində çoxsaylı erməni jurnalistlər çalışırlar. Məsələn, dünyada məşhur qlobal transmilli KİV qurumu olan “Russia Today”in rəhbərliyində ikinci şəxs erməni mənşəlli Marqarita Simonyandır. Həmçinin “Russia Today”in tərkibində olan “Sputnik” informasiya agentliyinin başçısı da Marqarita Simonyandır. Biz bu siyahını artıra bilərik. Daha bir erməni mənşəlli iş adamı, media maqnatı Armen Qabrielyandır. Onun da çox sayda KİV-ləri var. Bütün bu misalların çəkilməsində məqsəd Rusiya tərəfdən Azərbaycana qarşı törədilən təxribatların ermənilərin rəhbərlik etdiyi və ya çalışdığı KİV qurumları tərəfindən olduğunu bildirməkdir. Bu baxımdan hesab edirik ki, bu məsələdə müəyyən qədər erməni iddiası, əli vardır”.

Müşfiq Ələsgərli vurğuladı ki, ermənilər öz maraqlarını Rusiya adından realizə etsələr də, Azərbaycan tərəfi məsələnin araşdırılması, kökünün tapılması üçün səriştəli addımlar atır.

“Bildirim ki, Azərbaycan kifayət qədər beynəlxalq standartlara uyğun davranaraq Rusiyanın media ictimaiyyətinə, bu təxribatı törədən kütləvi informasiya vasitələrinə, Rusiya ictimaiyyətinə müraciətlər edərək, xətaların düzəldilməsini bildirib. Əgər onlar bunun qarşısını almasalar ictimai rəy də günahın kimdə olduğunu biləcəkdir. Bu kimi təxribatlara qarşı Azərbaycan addımlarını mərhələli şəkildə atır. Bunun üçün əvvəlcə ictimai rəy hazır edilir, beynəlxalq ictimaiyyət də prosesdən xəbərdar olur. Eyni zamanda həm Rusiya, həm Azərbaycan ictimaiyyəti də məlumatlandırılır. Bu addımlardan sonra lazım gələrsə daha kəskin bir yola müraciət edilə bilər. Biz buna misal olaraq “Ria Novosti” və “Sputnik” agentliklərini göstərə bilərik. Ümumiyyətlə hesab edirik ki, Azərbaycanın mərhələli, və səriştəli addımlar atması daha məqbuldur”.

Ekspert onu da bildirdi ki, Azərbaycanın təmkinli yol seçməsinə səbəb bəzi şəxslərin Rusiya ilə müttəfiqlik münasibətlərinə xələl gətirilməsi fikirlərinə qapılmasının qarşısını almaqdır. Simonyanın rəhbərlik etdiyi “Sputnik” agentliyinin Azərbaycanda fəaliyyətinin dayandırılması məsələsinə gəldikdə isə M.Ələsgərli qeyd etdi ki, edilmiş xəbərdarlıqlara baxmayaraq davamlı olaraq agentlik tərəfindən ölkəmizə qarşı xətalar davam etdirilərsə o zaman “Ria Novosti” agentliyinə tətbiq olunan qadağa “Sputnik”dən də yan keçməyəcəkdir.

Gülbəniz Hüseynli / METBUAT.AZ

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” mövzusu üzrə dərc olunub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR