Meymunçiçəyi insandan insana keçə bilər? -

"Virus insanlara yoluxmuş heyvanlarla, xəstə insanlarla və ya virusla çirklənmiş cansız əşyalarla (paltar, dəsmal, yataq dəsti və s.) və uzunmüddətli yaxın təmasla keçir".

Bunu Metbuat.az-a TƏBİB-in İnfeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva deyib. Onun sözlərinə görə, meymunçiçəyi insandan insana əsasən, böyük tənəffüs damcıları ilə keçə bilər:

"Virus insanlara yoluxmuş heyvanlarla, xəstə insanlarla və ya virusla çirklənmiş cansız əşyalarla (paltar, dəsmal, yataq dəsti və s.) və uzunmüddətli yaxın təmasla keçir. Virus sağlam insanlara dəridə, selikli qişalarda (ağız, burun, göz) və ya tənəffüs sistemindəki görünməz çatlar/cızıqlar vasitəsilə daxil olur. Yoluxmuş heyvanlardan insanlara ötürülmə dişləmə, qaşıma, qan və bədən mayeləri və ya heyvanın əti ilə təmas, zədələnmiş və ya bütün bunlarla çirklənmiş cansız materialla birbaşa təmasda baş verə bilər. İnsandan insana ötürülmənin, əsasən, böyük tənəffüs damcıları ilə baş verdiyi düşünülür. İnsandan insana ötürülməsi üçün üz-üzə, uzunmüddətli və yaxın təmas lazımdır, çünki böyük damlalar uzun məsafələri qət edə bilməz" .

TƏBİB rəsmisi bildirdi ki, meymunçiçəyinə yoluxan şəxslərdə immun sistemi zəif olduğu təqdirdə xəstəlik ağır keçə bilər:

“Çiçək” xəstəlikləri virusların törətdiyi oxşar xəstəliklərdir. Buna görə də çiçək və suçiçəyi xəstəliyində görülən dəri zədələrinə bənzər səpkilər meymunçiçəyində də müşahidə olunur. Ancaq bədəndəki səpkilərin həm yerləşməsi, həm görünüşü, həm də gedişatı fərqlidir. Digər mühüm fərq meymunçiçəyində limfa düyünlərinin şişməsidir. Son bir ay ərzində Afrika ölkələrində, İspaniya və Portuqaliya kimi Avropa ölkələrində olmuş insanlarda xəstəliyin əlamətlərinin olması bu xəstəlikdən şöbhələnməyə əsas verir. “Meymun çiçəyi” qızdırma, baş ağrısı, yorğunluq, geniş yayılmış bədən ağrıları, limfa düyünlərinin şişməsi və dəri səpkilərinə səbəb olur. Şikayətlər virusla təmasdan sonra orta hesabla 6-13 gün ərzində yaranır.

Dəri səpkiləri qızdırma başlayandan 1-3 gün sonra əmələ gəlir, bədəndən daha çox üzdə, qollarda və ayaqlarda yaranır, ovuc və ayaq altlarında, ağızda, cinsiyyət orqanlarında və gözlərdə də aşkar edilə bilər. Səpkilərin sayı və forması dəyişkəndir, az və ya çox ola bilər. İlkin olaraq qızartı (makula) kimi başlayır və dəridən qalxır (papula); sonra onlar şəffaf maye ilə dolaraq “vezikul” görünüşü alırlar. Vezikullarin içərisində olan şəffaf maye sarımtıl mayeyə çevrilir və "pustul" əmələ gəlir. Pustullar qabıq bağlayır və qabıqlar düşdükdən sonra yaralar sağalır. Bu proses adətən 2-4 həftə çəkir və öz-özünə sağalır. İmmuniteti zəif olan insanlarda xəstəlik ağır keçə bilər. Xəstəliyə bakterial infeksiyalar əlavə oluna bilər, pnevmoniya, sepsis, ensefalit və görmə itkisinə səbəb ola bilər".

Müalicəsinə gəlincə, infeksionist bildirdi ki, meymunçiçəyi üçün istifadə olunan spesifik dərman yoxdur.

"İndiyə qədər görülən hallar sidofovir, brinsidofovir, tekovirimat (ST-246) adlı virus əleyhinə dərmanlar və çiçək xəstəliyinə qarşı immunoqlobulinin tətbiqi ilə nəzarət altına alınıb. Tekovirimat adlı dərman heyvanlar və insanlar üzərində aparılan araşdırmalardan sonra 2022-ci ildə Avropa Dərman Agentliyi (EMA-Avropa Tibb Agentliyi) və ABŞ FDA tərəfindən təsdiqlənib, lakin dünyada geniş yayılmayıb. Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, çiçək xəstəliyinə qarşı peyvənd meymun xəstəliyindən 85% qorunma təmin edəcək".

Nəzrin Mustafayev qeyd edib ki, virusun pandemiyaya çevrilmə ehtimalı olduqca azdır:

"Meymunçiçəyinin COVID-19 kimi asimptomatik xəstəliklərə səbəb olmadığı düşünülür. Yoluxmuş şəxslərin simptomları biruzə verdiyinə görə onların erkən təcrid olunmasına zəmin yarnacaq və bununla da meymunçiçəyi virusunun pandemiyaya səbəb olma ehtimalı azalacaqdır.Təsdiqlənmiş meymunçiçəyi xəstəliyi olan insanlarla təmasda olanların son təmasdan sonra 21 gün ərzində simptomları müşahidə edilməlidir".

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR