Meyvəsindən tərəvəzinədək bahalaşan məhsullar

2022-ci ilin yanvar-may aylarında istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar-may aylarına nisbətən 112,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 117,9 faiz, qeyri-ərzaq məhsulları üzrə 106,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,2 faiz təşkil edib.

Dövlət Statistika Komitəsindən (DSK) Metbuat.az-a verilən məlumata görə, cari ilin may ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,7 faiz, əvvəlki ilin may ayına nisbətən 113,7 faiz təşkil edib.

Bildirilib ki, 2022-ci ilin may ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,0 faiz, əvvəlki ilin may ayına nisbətən 120,2 faiz təşkil edib:

“Cari ilin may ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma makaron məmulatlarının, vaflinin, peçenyenin, manna yarmasının, unun, toyuq ətinin, kolbasa məmulatlarının, balıq konservlərinin, xamanın, qatılaşdırılmış şəkərli südün, pendirin, kərə və bitki yağlarının, almanın, armudun, limonun, çuğundurun, yerkökünün, kartofun, şəkər və şəkər tozunun, konfetlərin, qəhvə və kakao tozunun, mineral suların, meyvə şirəsinin, limonadın, pivənin, arağın, ucuzlaşma isə əsasən yumurtanın, bananın, çiyələyin, xiyarın, pomidorun, kələmin, soğanın, sarımsağın, göy lobyanın qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib”.

“2022-ci ilin may ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,7 faiz, əvvəlki ilin may ayına nisbətən 107,1 faiz təşkil edib. Cari ilin may ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox bahalaşma inşaat materiallarının, parçaların, geyim və ayaqqabıların, mebellərin, məişət cihazlarının, minik avtomobilləri üçün ehtiyat hissələrinin, toz şəklində sintetik yuyuсu vasitələrin, sabunların və diş pastalarının qiymətlərində müşahidə olunub.

Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 2022-ci ilin may ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,5 faiz, əvvəlki ilin may ayına nisbətən 110,3 faiz təşkil edib. Cari ilin may ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox bahalaşma paltarların, ayaqqabıların, minik avtomobillərinin və mənzillərin təmiri, ictimai iaşə, bərbərxana və kosmetoloji xidmətlərin qiymətlərində, ucuzlaşma isə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib”, - deyə Komitənin məlumatında qeyd edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR