Bakıda "Partners & Business" sərgi-konfransı başlayıb - FOTOLAR

Bu gün “Baku Crystal Hall”da "Partners and Business" Baku 2022 - yerli şirkətlərin tanıtım sərgi-konfransı öz işinə başlayıb.

Bu barədə Metbuat.az-a Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən xəbər verilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və "Marsol" MMC-nin birgə təşkilatçılığı, “Kapital Bank”ın tərəfdaşlığı ilə təşkil olunmuş sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 200-ə yaxın yerli şirkətin məhsul və xidmətləri təqdim olunur.

Sərginin məqsədi Azərbaycan şirkətlərinin daha geniş tanıdılması, bazarlara çıxış imkanlarının genişləndirilməsi, yerli şirkətlər arasında biznes tərəfdaşlığının inkişaf etdirilməsi və yeni əməkdaşlıq əlaqələrinin qurulmasıdır.

Sərgi çərçivəsində dövlət qurumlarının və sahibkarların iştirakı ilə konfrans keçirilir. Tədbirdəm iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli, “Marsol” MMC-nin sədri Tural Mustafayev və özəl sektorun təmsilçiləri çıxış ediblər.

Konfrans öz işini “Əmək münasibətləri və məşğulluq altsistemi” - ƏMAS platformasının təqdimatına dair panellə davam etdirib. Növbəti günlər konfrans çərçivəsində “Dövlətin sahibkarlığın inkişafında mövcud dəstəkləri və perespektivlər”, “Sahibkarların maliyyə kanallarına çıxış imkanları” və “Regionlarda, xüsusilə işğaldan azad edilmiş ərazilərdə sahibkarlıq və investisiya perespektivləri” mövzularında panel müzakirələr keçiriləcəkdir.

Sərgidə ziyarətçi qismində iştirak ödənişsizdir. İştirak etmək üçün əvvəlcədən partners.az saytına daxil olaraq və ya sərgi günü məkanda qeydiyyatdan keçə bilərsiniz.

Sərgi-konfrans iyunun 18-dək davam edəcək. Sərgi hər gün 10.00-dan 18.00-dək ziyarətçilər üçün açıq olacaqdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR