FED-in qərarı manata necə təsir edəcək? -

Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsini 75 baza bəndi artıraraq 1,50-1,75 faiz aralığına çatdırdı. FED-in bu addımı 1994-cü ildən bəri ən yüksək artımdır. Ekspertlər uçot dərəcəsinin ilin sonunadək daha 175 baza bəndi artıraraq 3,4 faizə çatdırılacağını bildirirlər. FED bu il 2 faizlik inflyasiya hədəfləsə də aprel ayında 12 aylıq qiymət artımı səviyyəsi 6,3 faizədək yüksəlib. Bu son 40 ildə ABŞ-da ən yüksək inflyasiya göstəricisidir.

İqtisadçı-ekspert Natiq Cəfərli Metbuat.az-a açıqlamasında bildirdi ki, Federal Rezerv Sisteminin bir çox nümayəndəsi öncədən fikirlərini bəyan etmişdilər ki, 00,75 faiz uçot dərəcəsini artıracaqlar. Məhz bu səbəbdən də, bazarlarda anlıq kəskin reaksiya olsa da faiz artımı elan olunandan sonra sabitlik də yarandı. Çünki bu formada olan gözləntilər çoxdan var idi.

Bəs FED-in bu addımı ABŞ-da son 40 ilin inflyasiya həddinə necə təsir edəcək? Ekspert bu suala cavab olaraq deyir ki, hazırda 8 faizdən 9 faizə yaxınlaşan inflyasiyaya təsir edən amil enerji daşıyıcılarının da qiymətinin artmasıdır. Məhz FED-in bu addımı da inflyasiyanı cilovlamaq siyasətinə yönəlib.

Natiq Cəfərli

“FED sədri Cerom Pauell növbəti toplantılarda da faizin yenidən artıra biləcəyi ilə bağlı da gözləntilər yaratsa da, bu addım inflyasiyanı cilovlaya bilməyəcək. Məsələ ondadır ki, faizlərin uçot dərəcəsinin artması kredit faizlərini də artıracaq. Bu isə Amerikada resessiyaya da səbəb ola bilər. Artıq bununla bağlı da müxtəlif iqtisadçılar tərəfindən xəbərdarlıqlar edilib. Kreditlər bahalaşdıqca iqtisadi aktivlik də zəifləyir, alıcılıq qabiliyyəti də aşağı düşür. Biz bilirik ki, Amerika kreditlə yaşayan ölkədir. İstər biznes, istər özəl sektor, istərsə də əhali kütləsi olsun burada kredit faizlərinin artımı istehlakı azaldacaq. Amma bu bir müddətdən sonra inflyasiyaya təsir edərək onu zəiflədə də bilər. Bir şərtlə enerji daşıyıcılarının da qiymətində sabitlik və yaxud enmələr müşahidə olsun. Düşünürəm ki, gələcəkdə FED yenidən bu addımı ataraq faiz artımlarına məcbur olacaq”.

Fed, təxminən 30 ilin ən aqressiv faiz artımını açıqladı.

ABŞ-ın əmək bazarında vəziyyət Avropa ilə müqayisədə çox yaxşıdır. Avropada işsizlik göstəricisi 3.6 faiz olduğu halda Avropa Birliyində bu göstərici 6.8 faizdir. Burada maraqlandıran sual Avropa Mərkəzi Bankının FED kimi rahat davranıb uçot dərəcəsini hansı həddə qaldıracağı ilə bağlıdır. Natiq Cəfərli deyir ki, çox güman ki, iyul ayında Avropa Mərkəzi Bankı da 0.25 və yaxud 0.50 faiz bənd artımına gedəcəkdir.

Avropa Mərkəzi Bankı uçot dərəcəsini artırmağı planlaşdırır

Avropa Mərkəzi Bankı

“Amma bu Avropada daha ciddi problemlər yarada bilər. Çünki Avropada işsizlik Amerikadan daha çoxdur. Avropada iqtisadi aktivlik Amerikadan zəif olmaqla bərabər müharibə və qaçqın problemləri var. Bu səbəbdən də Avropa Birliyi ölkələri, Avropa Mərkəzi Bankı daha ehtiyatlı davranacaq”.

FED-in qərarının dolları möhkəmləndirməsi xəbərlərinin ardından Azərbaycan da manat dollar münasibətində dəyişiklik baş verəcəyi həyəcanını yaratdı. Natiq Cəfərli düşünür ki, bu qərarın Azərbaycana birbaşa təsiri yoxdur.


“Çünki Azərbaycanda manat inzibati qaydada tənzimlənir və bu üsulla tənzimləndiyi üçün də dünya birjalarında gedən proseslərin birbaşa təsiri yoxdur. Neftin və qazın qiymətinin yüksək olması Azərbaycanın valyuta ehtiyatlarını artıran amildir. Elə heç təsadüfi deyil ki bizim tədiyyə balansımız bu ilin ilk 5 ayında müsbət saldosu 10 milyard dollar oldu. Bu tarixdə ən yüksək göstəricilərdən biridir. Azərbaycan manatı “kağız neft” olduğu üçün hansısa bir məzənnə dəyişikliyinə hökumətin gedəcəyini də açıq düşünmürəm. Bu il nə qədər ki neft qaz qiymətləri yüksəkdir, Azərbaycan manatında sabit məzənnə rejimi davam edəcək”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR