Regionda “qapı-qapı” gəzən Lavrov nə axtarır? -

Xəbər verdiyimiz kimi, Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfər edəcək. Hazırda İranda olan Rusiya XİN başçısının bu səfəri İran rəsmilərinin bu yaxınlarda Rusiyaya gəlişinə cavab olaraq həyata keçirilir.

Bir müddətdir regionda turneyə çıxan Lavrovun səfərlərini Metbuat.az-a şərh edən politoloq İlyas Hüseynov bildirdi ki, daha öncə Ermənistana gedib erməni həmkarı Ararat Mirzoyanla görüşən Rusiya XİN rəsmisininAzərbaycana səfəri məhz regional sülhün və təhlükəsizliyin qorunması, etimad atmosferinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

İlyas Hüseynov

“Bildiyiniz kimi, son dövrlər məhz nəqliyyat və kommunikasiya istiqamətində canlanma müşahidə olunur, təmaslar qurulub. Bu yaxınlarda Türkiyəyə səfər edən Rusiya Federasiyası baş nazirin müavini Aleksey Overçukun Ərdoğanla görüşü də məhz Cənubi Qafqazda yeni geosiyasi reallıqları əhatə edirdi və Rusiyanın artıq bu məsələdə qərarlı olduğunu nümayiş etdirdi. Çünki nəqliyyat arteriyalarının açılması ilk növbədə Rusiya iqtisadiyyatına da müsbət töhfə verər. Bilirik ki, dəhlizlər üzərində nəzarət etməkdə Rusiya maraqlıdır. Bu xüsusda Türkiyənin də mühüm rolu və mövqeyi vardır. Cənubi Qafqazda yeni geosiyasi konfiqurasiyada Türkiyə də yer alır və Azərbaycanla Türkiyənin xarici siyasətində eyniliyin olması Azərbaycanı da burada həm iştirakçı, həm də maraqlı tərəf kimi göstərir.Ümumiyyətlə Lavrovun turnesini “3+3 ideyası ətrafında güclərini birləşdirən ölkələrə səfər” kimi də xarakterizə etmək olar”.

Müsahibimiz bildirdi ki, Sergey Lavrovun Rusiya-Ukrayna müharibəsi fonunda baş tutan səfəri bir sıra detalları özündə ehtiva edə bilər. Çünki Mərkəzi Asiyada, Cənubi Qafqazda və postsovet məkanında olan dövlətlərin Rusiyaya münasibətinin öyrənilməsi və maraqların uzlaşdırılması hazırda rəsmi Kreml üçün mühüm əhəmiyyət kəsb edir.

“Buna görə də məhz regionumuzda təmsil olunan dövlətlərin siyasi baxışlarının və mövqelərinin müəyyənləşdirilməsi istiqamətində bu səfər həm də nəbz yoxlaması xarakterini daşıyır. Digər tərəfdən, həm də ikitərəfli siyasi gündəlikdə bir sıra məsələlər var ki, onların da müzakirəsi aktuallıq kəsb edir. Bu təmaslar nə qədər genişlənərsə, nə qədər ardıcıl xarakter daşıyarsa, onda bir sıra çətinliklər və anlaşmazlıqlar da aradan qaldırıla bilər. Ilk növbədə burada üçtərəfli birgə bəyanatların implementasiyası və Laçın dəhlizindən qeyri-qanuni gediş gəlişin aradan götürülməsi məsələsi müzakirə mövzusudur. Məhz bu tipli bir sıra spektr məsələlər üzrə müzakirələrin keçirilməsi proqnozlaşdırılır”.

Siyasi şərhçi Kənan Novruzov bildirdi ki, Moksva tədricən sivil dünyadan təcrid olunur və müttəfiqlərini itirir. Ona görə də qonşularının "nəzbini yoxlamaq" istəyir. İndiki məqamda region dövlətlərinin Rusiyanın yanında olması şimal qonşumuz üçün hava-su qədər vacibdir.

Ermenistani sixisdirmaga davam etmeliyik - Siyasi şərhçi Kənan Novruzov

Kənan Novruzov

“Rusiya artıq başa düşür ki, savaş yaxın vaxtda bitməyəcək. Yəni "ox yaydan çıxıb". Bu isə o deməkdir ki, Kreml daha ciddi sınaqlara hazır olmalıdır. Bunun üçün isə ona qonşuların dəstəyi lazımdır. Ən azından Rusiya əmin olmaq istəyir ki, durumu bir az da gərginləşsə, region dövlətləri ona qarşı hərəkətə keçməyəcək, sanksiyalara qoşulmayacaq. Çünki Rusiya yaxşı bilir ki, çoxillik imperiya siyasəti nəticəsində bölgədə heç də müsbət imic qazanmayıb. İkinci bir tərəfdən, görüşdə Cənubu Qafqazdakı situasiyanın da gündəlikdə olması istisna deyil. Əvvəllər də dediyimiz kimi, Moskva Bakının müharibə ilə haqlı, ədalətli mövqeyindən razı deyil. O bunun dəyişməyini istəyir. Bunun üçün isə Rusiya artıq Azərbaycanın regional maraqları istiqamətində addımlar atmalıdırlar. Eyni zamanda Aİ- nin regionla bağlı təşəbbüskarlığının artması da Rusiyanı narahat edir. Moskva istəyir ki, fəallığı ələ alsın, "proseslərin sükanı arxasına keçsin “. Bunun üçün hətta "bəzi daşların yerinə oturmasına razıdır”. Bir şərtlə ki, proseslər öz nəzarətində olsun və istədiyi vaxt “qırmızı işıq“ yandıra bilsin.“

Ekspert qeyd etdi ki, bu mənada İranda regional kommunikasiyaların açılması haqda danışılması və ardınca Rusiyanın vasitəçiliyi ilə bu istiqamətdə müəyyən əməli işlərin görülməsi mümkündür.

“Bütün bunlar Kremlin öz maraqlarının təzahürü kimi qiymətləndirilməlidir. Yəni əslində şimal qonşumuzun ənənəvi xarici siyasət kursunda heç bir dəyişiklik yoxdur. Rəsmi Bakı hazırkı şəraitdən öz xeyrinə istifadə etməli və lazımi manevrlər nəticəsində bu durumdan faydalanmağı bacarmalıdır” ,- deyə K.Novruzov fikrini bildirib.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR