İlham Əliyevin Özbəkistan səfəri: Bakı və Daşkənd daha da yaxınlaşdı - TƏHLİL

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri bir çox aspektlərdən xüsusi əhəmiyyət daşıyır. Səfərin əhəmiyyətini artıran digər bir məsələ isə Prezident İlham Əliyevin Özbəkistana dövlət səfərinin ümummilli lider Heydər Əliyevin Özbəkistana səfərinin 25 illiyinə təsadüf etməsidir.

Səfər çərçivəsində iki dövlətin liderləri qarşılıqlı ticarətin həcminin artırılması, regional səviyyədə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, sənaye, nəqliyyat, kənd təsərrüfatı, energetika, elm və innovasiyalar, turizm və bir çox sahələrdə münasibətlərin inkişaf etdirilib, əməkdaşlığın genişləndirilməsinə istiqamətlənmiş sənədlər imzaladılar.

Qeyd edək ki, Özbəkistan Asiyanın sovet respublikaları arasında Azərbaycanla iqtisadi əlaqələri ən çox genişləndirən ölkələrdən biridir. Qazaxıstandan sonra Bakının ən sıx əməkdaşlıq münasibətləri məhz Daşkəndlədir. Azərbaycanın rəsmi statistikasına əsasən, 2020-ci ildə ölkələr arasında qarşılıqlı ticarətin həcmi 82, 3 milyon dollar təşkil edib ki, bunun da 59,2 milyon dolları bizim idxalımızın, 23,1 milyon dolları isə ixracımızın payına düşüb. 2021-ci ildə ticarət həcmində ciddi artım baş verib -111,9 milyon dollar. Bunun 78,4 milyon dolları Azərbaycanın Özbəkistandan idxalı, 33,5 milyon dolları isə bu ölkə ixracıdır. 2022-ci ilin 5 ayında isə ölkələr 64,8 milyon dollarlıq alver ediblər ki, bunun da 45,7 milyonunu Özbəkistan Azərbaycana, 19,1 milyonunu isə Azərbaycan Özbəkistana satıb.

Prezident İlham Əliyevin Özbəkistana səfərini Metbuat.az-a şərh edən politoloq Nurlan Qələndərli bildirdi ki, səfər tarixin mühüm anında – taleyüklü məqamda baş tutaraq mənəvi-siyasi, geosiyasi, iqtisadi və hərbi-strateji əhəmiyyətə malik olduğunu sübut etdi.

Nurlan Qələndərli

“Cənubi Qafqazda yeni geostrateji reallıqlar formalaşıb, Avrasiyada isə yeni beynəlxalq nizam yaranır. Belə bir zaman kəsiyində Azərbaycan ilə Özbəkistan arasında strateji tərəfdaşlığın dərinləşdirilməsinə, ikitərəfli və çoxşaxəli münasibətlərin genişləndirilməsinə xidmət edən təmasların baş tutması olduqca önəmlidir. Səfər zamanı iki dost, qardaş və tərəfdaş ölkə arasında qarşılıqlı fəaliyyətin bütün istiqamətləri üzrə aydın fikirlər, niyyətlər və planlar ifadə edildi, strateji yol xəritəsi müəyyənləşdirildi. 20-yə yaxın sənədin, o cümlədən strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamənin imzalanması ilə münasibətlərdə keyfiyyətcə yeni mərhələnin əsası qoyuldu”.

Politoloq bildirdi ki, yeni mərhələdə Azərbaycan-Özbəkistan əməkdaşlığının genişləndirilməsi Türk dünyasında inteqrasiyanın sürətləndirilməsi və münasibətlərin sıxlaşdırılması baxımından da faydalıdır.

İlam Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev

“Həm Azərbaycan, həm də Özbəkistan türk dünyasında mühüm söz və nüfuz sahibidirlər, geniş təsir imkanlarına malikdirlər. Tərəflərin münasibətlərinin inkişafı təkcə iki ölkə üçün deyil, türkdilli ölkələrin mövcud olduğu coğrafiyada geosiyasi və geoiqtisadi təşkilatlanmanın gücləndirilməsi, yeni güc mərkəzinin yaradılması baxımından əhəmiyyətlidir. Daha dəqiq desək, Azərbaycan ilə Özbəkistanın töhfələri Türk Dövlətləri Təşkilatının mövqeyinin möhkəmlənməsi, təsir imkanlarının artırılması üçün olduqca önəmlidir. Nəqliyyat-kommunikasiya sahəsində işbirliyinin gücləndirilməsi isə xüsusi əhəmiyyət daşıyır. Zəngəzur dəhlizinin açılması ilə bu sahədə tərəfdaşlıq daha böyük önəm daşıyacaq, çoxtərəfli əməkdaşlıq platformasının reallaşması mümkün olacaq”,- deyən N.Qələndərli əlavə edib ki, tarixi səfər ikitərəfli münasibətlərin inkişafına xidmət etməklə yanaşı, regional təhlükəsizlik və əməkdaşlığa da mühüm töhfə kimi dəyərləndirilə bilər.

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev cənab İlham Əliyevin ölkəsinə səfərindən danışarkən onun tarixi xarakter daşıdığını və sıçrayışlı perspektiv vəd etdiyini vurğuladı. Səfər əsnasında Prezidentlərin bədən dilinin ifadə etdiklərindən də anlamaq olar ki, iki ölkə arasında bundan sonra daha fərqli, möhkəm əlaqələrin və işbirliyinin təməli qoyuldu. Özbəkistan lideri Mirziyoyevin hava limanınadək gəlib dövlət başçımızı özünün yola salması da göstərir ki, bu protol qaydası yox, məhz səmimiyyət yüklü münasibətin göstəricisidir.


İlham Əliyev Özbəkistanda tarixi abidələrlə tanış olan zaman

Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə Metbuat.az-a bu səfəri şərh edən zaman vurğuladı ki, hələ sovetlər dönəmində də Azərbaycan və Ermənistan eyni ittifaqın tərkibində təmsil olunduğu dönəmdə də bu iki respublika arasında sıx əlaqələr olmuşdur.

Elnur Kəlbizadə

“Biz bilirik ki, Azərbaycan xalqıyla özbək xalqı arasında çox qədim keçmişə malik tarixi əlaqələr vardır. Həm özbəylər, həm azərbaycanlılar ortaq tarixi köklərə malikdirlər. Özbək ədəbiyyatı, özbək mədəniyyəti Azərbaycan ədəbiyyatından və mədəniyyətindən çox ciddi şəkildə təsirlənmişdir. Bunu biz dahi Nizami Gəncəvi ilə görkəmli özbək şairi Əlişir Nəvai yaradıcılığı arasında paralellər apardığımız zaman da görürük. Tarixdən bəlli olduğu kimi, Əmir Teymur o zamanlar azərbaycanlıları indiki Özbəkistan ərazisində yerləşən şəhərlərə köçürmüşdü. Hər iki xalqın birlik və bacarıqlarının tərənnümünü ortaq memarlıq abidələrinin təcəssümündə görmək mümkündür. Müstəqilliyimizin bərpasından sonrakı dövrdə isə müstəqil Azərbaycan Respublikası ilə müstəqil Özbəkistan arasında əlaqələrin inkişafı birmənalı şəkildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adıyla bağlıdır. Biz hər iki ölkə arasında diplomatik əlaqələrin yaradılması, dövlət və hökumət başçıları səviyyəsində səfərlərin gerçəkləşdirilməsi tarixlərinə diqqət yetirsək görərik ki, Heydər Əliyev mərkəzi Asiyanın aparıcı dövlətlərindən biri kimi Özbəkistana çox ciddi əhəmiyyət verirdi. Məhz bunun nəticəsidir ki, həm Heydər Əliyevin Özbəkistana səfərləri çərçivəsində, həm də Özbəkistanın ayrı-ayrı illərdə seçilmiş dövlət başçılarının Azərbaycana səfərləri əsnasında müxtəlif sahələrdə sənədlər imzalanmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev isə Özbəkistanla Azərbaycan arasında əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməklə bərabər əlaqələrimizin inkişafında yeni bir mərhələ açdı”.

İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Xivə şəhərində

Müsahibimiz qeyd etdi ki, iki ölkə arasında əlaqələrin daha yüksək səviyyəyə qaldırılmasında Azərbaycan tərəfi qədər Özbəkistan tərəfi də istəkli və maraqlıdır. Azərbaycanın regionda lider dövlət roluna yüksəldiyini deyən Elnur Kəlbizadə bildirdi ki, ölkəmiz Türkiyə Cümhuriyyəti ilə birlikdə dünyada gedən bir sıra proseslərin həllində söz sahibi dövlətə çevrilmişdir. Bu da türk dünyası, türk xalqları və dövlətləri üçün bir cazibə mərkəzi yaratmışdır.

Şavkat Mirziyoyev İlham Əliyevi yola salan zaman səmimi hisslər nümayiş etdirir

Bu cazibə mərkəzi sadəcə olaraq məhdud milli hisslərə dayanan mərkəz deyildir. Azərbaycanın və Türkiyənin yaratdığı bu cazibə mərkəzi iqtisadi, siyasi, hərbi baxımdan da digər türk dövlətlərini, xalqlarını cəlb etməyə başlayıb. Səfərdə digər əhəmiyyətli məqam ondan ibarətdir ki, Özbəkistanla Azərbaycan arasında beynəlxalq səviyyəli nəqliyyat əlaqələrinə dair razılaşmalar əldə olundu. Bu çox önəmlidir. Bildiyiniz kimi, Azərbaycan ərazisində Qarabağ müharibəsindən sonra yeni bir ortaq dəhlizin yaradılması qarşıda duran böyük irimiqyaslı layihələrdən biridir. Bu plan nəinki Azərbaycanı, ümumilikdə Avropa və Asiya qitəsində yerləşən bir çox dövlətlərini maraqlandıran, onların iqtisadi maraqlarına cavab verən bir layihədir. Məhz Azərbaycan və Özbəkistan arasında bu cür bir razılaşmanın əldə olunması onu deməyə əsas verir ki, bu istiqamətdə çox ciddi şəkildə işlərə hazırlıq görülüb. Səfərin strateji əhəmiyyətə malik olan digər hissəsi isə dünyada gözlənilən ərzaq böhranının qarşısının alınmasına yönəlmiş addımlar atmaqdır. Son dövrlər baş verən bir çox hərbi siyasi proses ərzaq təhlükəsizliyi sahəsində əməli addımlar atmağa vadar edir. Bu baxımdan Azərbaycan özünün ərzaq təhlükəsizliyini təmin etmək üçün ərzaq mənbələrini şaxələndirməlidir. Özbəkistan isə yerləşdiyi regionda çox əhəmiyyətli kənd təsərrüfatı məhsulları istehsal edən ölkələrdən biridir. Bir çox növdə aqrar məhsulların istehsalı üzrə ixtisaslaşmış Özbəkistanla və Asiya qitəsinin digər ölkələriylə əlaqələrin möhkəmləndirilməsi indiki vəziyyətdə və yaxın perspektivdə Azərbaycan üçün çox ciddi əhəmiyyətə malikdir. Eyni zamanda, Özbəkistanın da Azərbaycanın ərazisindən keçən tranzit yolları xətləri ilə bağlı özünəməxsus iqtisadi maraqları var. Düşünürəm ki, iki qardaş türk dövləti bu maraqlardan faydalanaraq əlaqələrini inkişaf etdirərək, gücləndirməlidirlər. Bu hər iki dövlətin inkişafına töhfələr verəcəkdir”.

Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "İctimai və dövlət maraqlarının müdafiəsi" mövzusu üzrə dərc olunub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR