Dəmiryolçular 20 Yanvar şəhidlərinin xatirəsini yad etdilər (FOTO)

Dəmiryolçular 20 Yanvar şəhidlərinin xatirəsini yad etdilər (FOTO)
11:23 19 Yanvar 2015
74 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 19 yanvar /Trend/

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində keçirilən anım tədbiri 20 Yanvar şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başladı. “Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən Trend-ə daxil olan məlumata görə, tədbiri giriş sözü ilə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Qurban Nəzirov açdı. O, bildirdi ki, bu günlərdə ölkəmizdə və eləcə də dünyanın bir çox yerlərində 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı anım tədbirləri keçirilir. Xaricdə yaşayan soydaşlarımız da nümayişlər keçirir, Yanvar faciəsi dəhşətlərini özündə əks etdirən video-süjetlər nümayiş etdir, bəyanatlar yayırlar.

Xalqımızın tarixinə qanlı və şanlı səhifə kimi yazılan 20 yanvar faciəsinin 25-ci ildönümü dövlət səviyyəsində ölkəmizin hər yerində qeyd olunur. Bilirsiniz ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə rus qoşunları Bakıda qırğın törətdilər. Yüzlərlə soydaşımız şəhid oldu, yaralandı. İndi o dəhşətli gecədən iyirmi dörd il keçir. Hər il bu ərəfədə anım tədbirləri keçirilir, şəhidlərin ruhuna dualar oxunur.

Sonra natiq tarixə qısa ekskurs edərək hadisələrin sonrakı mərhələləri haqqında danışdı. O, bildirdi ki, Bakı küçələrinin qana bələnmiş ağır günlərində faciənin səbəb və mahiyyətini daha dərindən başa düşüb mənsub olduğu xalqın kədərinə qəlbən ağrıyan bir insan, dahi şəxsiyyət var idi. 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə baş verən və xeyli insan qırğını ilə nəticələnən bu hərbi müdaxilədən böyük sarsıntı keçirən həmin müdrik və uzaqgörən şəxsiyyət Heydər Əliyev idi.

O, qırğın baş verən günün səhəri Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək mətbuat konfransı keçirdi və kütləvi informisiya vasitələri ilə Bakıda törədilən qırğına öz etiraz səsini ucaltdı. Bakıya ünvanladığı teleqramda deyilirdi: «Bakı şəhərinə Sovet ordusu hissələrinin yeridilməsi ilə əlaqədar xalqımızın başına gətirilən faciədən, dinc əhalinin qırılmasından böyük ürək ağrısı ilə xəbər tutdum. Bu matəm günündə həlak olanların ailələrinə və yaxınlarına, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Mən düşünülmüş aksiyanı pisləyir, onu antihumanist, antidemokratik, qanunazidd hesab edirəm. Bu ağır gündə sizi ağıllı, kamallı olmağa, həmrəyliyə və birliyə çağırıram. Mən teleqramın respublika mətbuatında dərc olunmasını, radio və televiziya ilə verilməsini, matəm mitinqində oxunmasını xahiş edirəm».

Q.Nəzirov daha sonra qeyd etdi ki, 20 yanvar 1990-cı il tarixdə öz azadlığı və istiqlaliyyəti uğrunda mübarizəyə qalxmış insanlar arasında dəmiryolçular da az olmamışdır. Həmin faciəli gecədə yüzlərlə ölənlər və yaralananlar arasında 11 nəfər dəmiryolçu və onların ailə üzvləri də olmuşdur. Cəmiyyət rəhbərliyi hər il onlara maddi və mənəvi dəstək olur.

Sonra Fazil İbrahimov, Jalə Əfəndiyeva, Vasif Süleymanov çıxış edərək 20 Yanvar hadisələrinin yaranma səbəbləri, tarixdəki rolu haqqında danışdılar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR