"Azərlotereya"da 1 milyon manatlıq uduş:

Son vaxtlar sakinlər arasında lotereyaya maraq nəzərəçarpan dərəcədə artıb. Bəziləri, bəlkə, bunu müxtəlif səbəblərlə əlaqələndirə bilərlər. Reallıq isə ondan ibarətdir ki, uduşların sayının çox olması sakinlərdə lotereyaya inam yaradıb. Bu maraq bizim də diqqətimizi çəkdi.

Metbuat.az olaraq, “Azərlotereya” ASC-nin təşkil etdiyi media-turda iştirak etdik. Media-turumuz “Misli” məntəqələri ilə tanışlıqdan başladı. “Misli” məntəqələrində media nümayəndələrinə lotereya oyunlarının qaydaları və digər maarifləndirici məlumatlar verildi. Bildirildi ki, “Misli” məntəqələrinə yaşı 18-dən aşağı olan şəxslər buraxılmır.

“Misli“ məntəqlərində futbolla bərabər basketbol, tennis, voleybol, həndbol, buzüstü hokkey, stolüstü tennis, snuker, MMA, “Formula-1” və digər idman hadisələri üzrə mərc etmək olar.

“Misli” məntəqələrində “Ekspres Keno” virtual lotereyasının qaydaları barədə də məlumat aldıq. Oyun hər 5 dəqiqədən bir keçirilir. Bu oyunüçün iştirakçılar mümkün 80 nömrədən maksimum 10-nu seçməlidirlər. ”Ekspres Keno”da maksimum nəticəni tapan şəxs, sözün əsl mənasında, milyonçu olur. Bu oyunun ən böyük uduşu 1 milyon manatdır. Əlbəttə, belə böyük məbləğ bizim də diqqətimizi çəkdi. Media nümayəndələri olaraq birlikdə “Ekspres Keno” oynadıq. Qalib olmasaq da, kiçik məbləğ qazanmağa çox yaxın idik.

Sakinlərin son vaxtlar daha çox maraq göstərdiyi “Poz Qazan” ani lotereyaları (“40 000 000 Pul Yağışı” , "5X", “Brilliant”, "Uğurlu 7", "Şans Ulduzu", "Qızıl" və yeni satışa çıxarılan “10X”) barədə də məlumat aldıq. Bu ani lotereyalarda 200.000 AZN, 100.000 AZN, 50.000 AZN, 25.000 AZN böyük uduşlar və milyonlarla digər uduşlar qazanmaq şansı var. Ümumiyyətlə lotereyaların keçirilməsində bütün prosesə yüksək təhlükəsizlik qaydaları çərçivəsində nəzarət edilir. “Azərlotereya” ASC-nin əsas strategiyası lotereyaların təşkilində şəffaflığın qorunmasını təmin etməkdir. Bu sahədə “Azərlotereya” ASC beynəlxalq təcrübəni əsas götürərək dünyada ilk təhlükəsiz lotereya oyunlarının hazırlanması ilə tanınan "Scientific Games"lə əməkdaşlıq edir. 1974-cü ildən fəaliyyət göstərən şirkət hər qitədə təxminən 130 lotereya təşkilatının etibarlı biznes tərəfdaşıdır.

Həmin tərəfdaşlardan biri kimi “Azərlotereya”nın da bütün ani lotereya biletləri “Scientific Games”in Böyük Britaniyanın Lids şəhərində yerləşən yüksək texnologiyalı və təhlükəsiz müəssisələrində dünya standartlarına uyğun müasir lotereyaların alqoritmləri əsasında istehsal olunur. Qanuna görə, lotereya oyunlarının uduş fondunun həcmi buraxılmış lotereya biletlərinin ümumi məbləğinin 50%-dən az olmamalıdır. “Azərlotereya” ASC-nin ani lotereyalarında bu göstərici 63-68% arasındadır.

”Misli” məntəqələri ilə tanışlıqdan sonra lotereya oyunlarının keçirildiyi məkana - “Xəzər” televiziyasına yollandıq. “Azərlotereya” ASC-nin hər gün saat 20:30-da canlı yayımlanan tirajlı lotereya oyunlarının verilişinin studiyasında olduq. Burada “Meqa 5/36”, “4+4” və “Super Keno” oyunlarının keçirilmə qaydaları ilə tanış olduq. Hazırda “Meqa 5/36”da minimum cekpot 70.156 AZN, “4+4”də minimum cekpot 823.396 AZN, “Super Keno” oyununda isə böyük uduş 1 000.000 AZN təşkil edir.

Sən demə, ekranda müşahidə etdiyimiz sadəcə aysberqin görünən hissəsidir. Təhlükəsizlik məqsədilə studiyaya giriş xüsusi yoxlama ilə həyata keçirilir. Məlum oldu ki, veriliş başlamazdan öncə avadanlıqlar test edilir, şarların çəkisi ölçülür. Prosesin aparıldığı otaqlara yalnız xüsusi icazəsi olan əməkdaşlar daxil ola bilir. “Azərlotereya”nın əməkdaşları media nümayəndələrinə prosesi göstərdi. Qaydalara uyğun olaraq bizə şarlar və digər avadanlıqlara təmas etməyə icazə verilmədi.

“Azərlotereya”nın əməkdaşlarının şarları çəkərkən xüsusi əlcəklərdən istifadə etməsi diqqətimizi çəkdi. Məqsəd şarları onların çəkisinə təsir edə biləcək hissəciklərdən qorumaqdır. Oyun başlamazdan əvvəl buradakı aparatlar yoxlanılır. Aparatlar lotereyaların təşkili sahəsində ən son texnoloji məhsulları ilə tanınan Fransanın “Akanis Technologies” şirkətinin istehsalıdır. Yarana biləcək texniki problemlərə qarşı ehtiyat üçün lototron və digər lazımi avadanlıqlar hazır vəziyyətdə saxlanılır.

Xatırladaq ki, lotereya şans oyunudur. Lotereya oyunlarında iştirak etməkdə məqsəd əyləncəli vaxt keçirmək olmalıdır. Şansınızı büdcənizə uyğun sınamaq tövsiyə edilir.“Azərlotereya”nın çağırışlarında deyildiyi kimi “Məsuliyyətlə oyna!”

Anar Türkeş


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR