Azərbaycan Xəzər regionunda əməkdaşlığa ciddi töhfə verir

Xəzər dənizi regionu olduqca strateji əhəmiyyətə malikdir. Xəzəryanı dövlətlərin səmərəli əməkdaşlıq sisteminin mövcud olması bütün iştirakçı dövlətlərin maraqlarına cavab verir.

Nəzərə almaq lazımdır ki, istənilən çoğrafiyada sülhün və təhlükəsizliyin davamlı olması hər şeydən öncə məhz əməkdaşlığın xarakterindən asılıdır. Bu baxımdan, Azərbaycan Respublikasının Prezidenti Aşqabadda keçirilmiş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında çıxışı zamanı bu məqamları ayrıca olaraq vurğuladı. Müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində xəzəryanı dövlətlərin ikitərəfli və çoxtərəfli əməkdaşlığının olduğunu vurğulayan Azərbaycan Prezidenti regionda sabitliyin və təhlükəsizliyin əsasında məhz bu amilin dayandığını qeyd etdi.Xəzərin hüquqi statusu məsələsi uzun illər mübahisə predmeti olaraq qalmaqda idi. 2018-ci ildə Aktau şəhərində Xəzərin hüquqi statusuna dair imzalanmış Konvensiya region dövlətləri arasında daha səmərəli qarşılıqlı fəaliyyətin və əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirəcək. Azərbaycan Prezidenti çıxışında xəzəryanı dövlətlər arasında əsas əməkdaşlıq istiqamətlkərini xatırladıb. Bu əməkdaşlıq istiqamətləri üzrə fəaliyyətin göstərilməsi üçün geniş normativ hüquqi sənədlər bazası mövcuddur. Konvensiyanın ratifikasiya edilməsi isə gələcəkdə imkanları daha da genişləndirəcək.Cənab İlham Əliyev xəzəryanı dövlətlərin əməkdaşlığının təşkili və genişləndirilməsi zamanı bərabərhüquqluluğun gözlənilməsinin prioritet olduğunu qeyd etməklə yanaşı, dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmətlə yanaşılmasının vacibliyini nəzərə çatdırdı.

Xəzərə dənizi müasir mərhələdə beynəlxalq nəqliyyat qovşağına çevrilməkdədir. Mövcud unikal nəqliyyat infrastrukturu dünya bazarlarına daha əlverişli çıxış imkanlarının məhz Xəzər dənizi vasitəsilə təmin olunması imkanları mövcuddur. Ən əsası isə, etibarlı və təhlükəsizlik investisiya mühitinin yaradılması bu istiqamətdə atılacaq vacib addımlardandır. Xəzər dənizinin beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilməsi prosesində Azərbaycanın mühüm rol oynadığı və Tarnsxəzər beynəlxalq nəqliyyat marşurutunun səmərəli istifadəsi üçün ölkəmizin səyləri də Prezident İlham Əliyev tərəfindən diqqətə çatdırıldı. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlzilərinin Azərbaycanın ərazisindən keçməsi ümumilikdə Xəzər regionunda nəqliyyat-logistika infrastrukturunun inkişafı istiqamətində ölkəmizin əhəmiyyətini ciddi şəkildə artırır.

Aşqabadda yadda qalan mühüm məqamlardan biri də ondan ibarət oldu ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev Zəngəzur dəhlizini bir daha xatırladaraq, ölkəmizin atdığı addımların bütövlükdə beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı sahəsindəki roluna və təşəbbüslərinə bir daha diqqəti cəlb etmiş oldu. Azərbaycan Vətən müharibəsində tarixi qələbə qazanaraq, torpaqlarını işğaldan azad etdi. Hazırkı mərhələdə isə, Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası istiqamətdə geinişmiqyaslı işlər getməkdədir. Ölkə Prezidenti tərəfindən bütün bu məqamlara toxunulması həm də postmünaqişə mərhələsinin yeni reallıqlarının xatırladılması kimi qiymətləndirilməlidir.

Göründüyü kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Aşqabadda keçirilmiş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında çıxışında ölkəmizin hazırda cərəyan edən proseslərdə önəmli rolunu və bir daha dəqiqliklə əsaslandırdı.

Elşad Mirbəşir oğlu,

Milli Məclisin deputatı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR