Gənclərin Fərdi Layihələr Qrant Müsabiqəsinə yeni formatda start verilir

Azərbaycan Respublikasının Gənclər Fondu gənclərin fərdi layihələri üçün “İdeyanı Reallaşdır – 2022” adlı qrant müsabiqəsinə start verir.

Metbuat.az-a Gənclər Fondunun mətbuat xidmətindən verilən xəbərə görə, cari il üçün nəzərdə tutulan müsabiqə çərçivəsində gənclər üçün yeni layihə istiqamətləri və yeni qiymətləndirmə mexanizmi tətbiq olunacaq.

Gənclər Fondu 7 iyul 2022-ci il tarixindən etibarən Azərbaycan Respublikasının vətəndaşı olan 18-29 yaşlı gəncləri müsabiqədə iştirak etmək üçün fərdi layihə təkliflərini təqdim etməyə dəvət edir. Layihə müraciətləri Gənclər Fondunun E-Xidmətlər Sistemi (www.youthfoundation.az) və ya “GencAPP” mobil tətbiqi vasitəsilə təqdim edilə bilər.

Müsabiqənin məqsədi gənc nəslin fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, ictimai fəallığının artırılmasına, innovativ ideyalarının, yaradıcı təşəbbüslərinin, asudə vaxtlarının səmərəli təşkilinin reallaşdırılmasına yönəlmiş layihələri dəstəkləmək, habelə dövlət gənclər siyasətinin icrası prosesində yaxından iştirak etmək istəyən gənclərin layihə təkliflərini qrant şəklində maliyyələşdirib, onlar üçün geniş və faydalı fəaliyyət sahəsi yaratmaqdır.

Layihələrin istiqamətləri:

  • “VətənimİZ”, “İnnovativ Gənclik”, “Gəncdən Gəncə”, “Gənc İstedad”, “Gənclər Məkanı” qrant istiqamətləri üzrə müsabiqənin ümumi meyarlarına cavab verən və təqdim olunan layihənin icrası üçün müvafiq bilik, bacarıq, istedadı olan gənclər müraciət edə bilər.
  • “Gənc Lider” qrant istiqaməti üzrə müsabiqənin ümumi meyarlarına cavab verən və daimi fəaliyyəti mövcud olan gənclərin təşəbbüs qruplarının liderləri (rəhbər və təsisçiləri) müraciət edə bilər.
  • “Azərbaycan Könüllüsü” qrant istiqaməti üzrə müsabiqənin ümumi meyarlarına cavab verən və müraciət etdiyi zaman könüllü fəaliyyətinə cəlb olunan və minimum 1 il davamlı könüllü fəaliyyəti təcrübəsi olan gənclər müraciət edə bilər.
  • “Tələbə Təşəbbüsü” qrant istiqaməti üzrə müsabiqənin ümumi meyarlarına cavab verən və ali və orta ixtisas təhsil müəssisələrində fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatlarının müraciət etdiyi zaman səlahiyyətli olan seçkili nümayəndələri (sədr və sədr müavinləri) olan gənclər müraciət edə bilər.

Müsabiqəyə təqdim olunmuş layihə təkliflərinin icra müddətinin 3 ay müəyyən olunması tövsiyə olunur. Layihənin icrasının ən tez başlanma tarixi 1 sentyabr 2022-ci il nəzərdə tutulmalıdır. Layihənin icrasının yekunlaşma tarixi olaraq ən geci 15 dekabr 2022-ci il olaraq nəzərdə tutulması tövsiyə olunur. Gənclər Fondu tərəfindən hər bir fərdi layihə çərçivəsində ayrılan qrant məbləği 5 000 (beş min) manatdan çox olmamalıdır.

Layihə təklifləri 27 iyul 2022-ci il, saat 18:00-a kimi təqdim olunmalıdır.

Müsabiqədə iştirak etmək arzusunda olan gənclər üçün qaydalar əlavədə təqdim olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR