Diplomatiya həftəsinin açılış mərasimi keçirildi -

Bu gün Xarici İşlər Nazirliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə “Post-münaqişə mərhələsində Azərbaycanın sülh və quruculuq səyləri” mövzusunda diplomatiya həftəsinin açılış mərasimi keçirilib.

Metbuat.az xəbər verir ki, bu haqda XİN məlumat yayıb.

Bildirilib ki, diplomatiya könüllüləri sıralarına yeni qoşulmuş gənclərin iştirakı ilə keçirilən diplomatiya həftəsi cari ilin 07-16 iyul tarixlərində baş tutacaq.

Prezident İlham Əliyev tərəfindən elan olunmuş “Şuşa İli” çərçivəsində həyata keçirilən layihə zamanı iştirakçıların post-münaqişə mərhələsində yaranmış yeni reallıqlar, azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri barədə məlumatlandırılması nəzərdə tutulur.

Açılış mərasimində ADA Universitetinin rektoru Hafiz Paşayev və xarici işlər naziri Ceyhun Bayramov iştirak ediblər.

Ceyhun Bayramov açılış nitqi ilə çıxış edərək bu ilki Diplomatiya Həftəsinin iştirakçıların Azərbaycanın bölgədə sülh, quruculuq, inkişaf və tərəqqi gündəliyi barədə geniş məlumat əldə etməsi üçün yaxşı fürsət yaradacağını bildirib. Diplomatiya Könüllülərinin Xarici İşlər Nazirliyinin fəaliyyətinə böyük töhfə verdiyini bildirən nazir, bu yaxınlarda Dövlət İmtahan Mərkəzi xətti ilə keçirilən XİN-ə işə qəbul imtahanının 2 mərhələsini uğurla keçən namizədlər arasında 8 diplomatiya könüllüsünün olduğunu məmnunluqla qeyd edib.

Diplomatiya Həftəsinin ilk günündə növbəti görüş Türkiyənin Azərbaycandakı Səfirliyində səfir Cahit Bağçı ilə baş tutub.

Post-münaqişə dövründə Türkiyə və Azərbaycan münasibətləri, bölgədə yaranmış yeni reallıqlardan danışan səfir Cahit Bağçı, Türkiyə və Azərbaycan arasında mövcud qardaşlığın, müttəfiqliyin bariz nümunəsi olan Şuşa Bəyannaməsinin əhəmiyyətini vurğulayıb və bu sənədin gənclər tərəfindən dərindən öyrənilməsini tövsiyə edib. Sonda, səfir Cahit Bağçı iştirakçıları maraqlandıran sualları cavablandırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR