Şabranda güclü yanğın: Postlar quruldu, giriş-çıxış məhdudlaşdırıldı -

Xəbər verdiyimiz kimi, Şabran rayonu, Ağalıq kəndində əkin sahəsində güclü yanğın baş verib və yanğın genişlənərək meşə fondunun ərazisinə keçib.

Şabran rayonu, Ağalıq kəndində əkin sahəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in müvafiq qüvvələri cəlb edilib.

FHN-dən Metbuat.az-a verilən məlumata görə, havanın isti və küləkli olması səbəbindən yanğın qısa müddətdə genişlənərək yaxınlıqdakı meşəlik əraziyə keçib. Bununla belə, yanğınsöndürmə qüvvələrinin effektiv tətbiqi sayəsində hazırda yanğını bir neçə istiqamətdə nəzarətə götürmək mümkün olub ki, bununla da ərazidə yerləşən ictimai iaşə obyektləri və yaxınlıqdakı kənd üçün yaranmış təhlükə aradan qaldırılıb. Həmçinin, ətraf kəndlərin elektrik enerjisi ilə təchizatında hər hansı problem olmayıb.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Yanğınsöndürmə əməliyyatında FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Şimal Regional Mərkəzinin qüvvələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və Şabran Rayon İcra Hakimiyyətinin müvafiq texnikaları iştirak edir.

***

Metbuat.az xəbər verir ki, hadisə yerində olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov bildirib ki, yanğın fikirləşmədən törədilib. Onun sözlərinə görə, külək yanğının qarşısını almağa mane olur:

"Təəssüf ki, külək yanğının qarşısını almağa mane olur, bütün əməkdaşlarımız, yerli sakinlər, yoldan keçən insanlar, hamı köməklik göstərir. Bir nəfərin fikirləşmədən əkin sahəsinə od vurması fəlakətə sabəb olub. Yanğının qarşısının alınması üçün birgə mübarizəmiz davam etdirilir",- deyə bildirilib.

10.07.2022 23:36

"Şabran rayonunun Ağalıq kəndində mülki obyektlər yanğından tam mühafizə edilib".

Metbuat.az Report-a istinadən xəbər verir ki, bunu FHN-nin Şimal Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin rəisi Ramin Vəlixanov bildirib.

O qeyd edib ki, Şabran rayonunda yanğın baş verən ərazidəki sakinlər təxliyə edilib və ərazidəki bütün mülki obyektlər yanğından mühafizə edilib. Vətəndaşların təhlükəsizliyi üçün yanğın baş verən ərazidə müvəqqəti postlar qurulub və giriş-çıxış məhdudlaşdırılıb.

Bildirilib ki, avtomobillərin gediş-gəlişi alternativ yollar vasitəsilə həyata keçirilir.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR