Xətai rayonunda 5 küçə təmir olunub -

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakının Xətai rayonunun təmirə ehtiyac duyan, ümumi uzunluğu 13 km-dən çox olan Şirin Mirzəyev (660 metr), Corat (1420 metr), Oksigen (900 metr), Şahin Səmədov (1250 metr) küçələrində və Boru keçidi küçəsi döngələrində (1650 m) təmir işləri aparıb.

Metbuat.az bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, sözügedən küçələr torpaq əsaslı və deformasiyaya uğramış asfalt örtükdən ibarət olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olur, hərəkətin rahatlığını və təhlükəsizliyini təmin etmirdi.

Aparılan yenidənqurma işləri çərçivəsində hər küçədə köhnə örtük sökülüb, torpaq yatağının yararsız hissələri qazılaraq çıxarılıb. Yeni torpaq yatağı və yol əsası inşa edilib.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən küçələrə ikiqat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi, kommunikasiya xətlərinə aid quyu qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri icra olunub. Bunun üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Sonuncu mərhələdə küçələrdə avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün üfüqi nişanlanma xətlərinin çəkilişi, yol nişanlarının quraşdırılması işləri aparılıb.

Agentlik Xətai rayonu ərazisində 2019-2020-ci illər ərzində 41,5 km, 2021-ci ildə isə 14,2 km uzunluğa malik yolda təmir-tikinti işləri görüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR