Türkiyə-Ermənistan münasibətlərinin normallaşması Azərbaycan üçün nə qədər əlverişlidir? -

"Türkiyə və Ermənistan arasında münasibətlər nə qədər normallaşarsa, o qədər Cənubi Qafqazda sülhün dayanıqlığı güclənər, təhlükəsizlik seqmenti bir qədər də inkişaf edər".

Metbuat.az xəbər verir ki, bu fikirləri saytımıza şərhində politoloq İlyas Hüseynov deyib:

“Türkiyə ilə Ermənistan arasında münasibətlər normallaşmağa doğru gedir. Həm Moskvada, həm də Vyanada məhsuldar görüşlər keçirilib. Ermənistan tərəfindən Türkiyə ilə münasibətlərin normallaşması üzrə həmsədr, Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubenyandır, Türkiyə tərəfdən isə təcrübəli diplomat, ABŞ-nin Türkiyədəki sabiq səfiri Sərdar Kılıç bu işdə iştirak edir.

Eyni zamanda, Vətən müharibəsindən sonra yeni geosiyasi reallıqlar konteksində Türkiyə -Ermənistan münasibətlərinin normallaşması həm də Qərb tərəfindən təqdir olunur. Dəfələrlə Türkiyəyə qarşı beynəlxalq səviyyədə irəli sürülən iradların kökündə Ermənistanla sərhədlərin açılması dayanırdı. Hətta Türkiyənin Avropa İttifaqına qəbul olması məsələsində də bir sıra erməni diaspor nümayəndələri bunu qabartmaya çalışırdılar. Hazırkı durumda iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunması, kommunikasiya xətlərinin açılması, avtomobil və dəmiryolu ilə əlaqənin təmin olunmasıyla bağlı işlər həyata keçirilir. Həmçinin hava limanları vasitəsilə də sərnişin və yüklərin daşınması prosesi ətrafında müzakirələr genişlənir. Bu iki ölkənin sərhədlərində ərazinin minalardan təmizlənməsi yönündə işlərə də start verilib. Bu da gediş- gəlişin təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir”.

İlyas Hüseynov: Dövlət başçısının yeni sərəncamı ahıl insanlara sosial  xidmətlər göstərən sosial işçilərə diqqət və qayğının

İlyas Hüseynov

Politoloq qeyd edir ki, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşacağı təqdirdə Cənubi Qafqazda sülhün dayanıqlığı güclənər:

“Türkiyə və Ermənistan arasında münasibətlər nə qədər normallaşarsa, o qədər Cənubi Qafqazda sülhün dayanıqlığı güclənər, təhlükəsizlik seqmenti bir qədər də inkişaf edər. Biz sülhün tərəfdarıyıq və birgə yaşayışla bağlı bütün elementləri dəstəkləyirik. Nəzərə almaq lazımdır ki, Türkiyə Azəbaycanın hərbi müttəfiqidir, xarici məsələlərdə də koordinasiya vardır. Türkiyə tərəfi dəfələrlə bəyan edib ki, Ermənistanla normallaşma rəsmi Bakı ilə razılaşdırılır, məlumatlandırma prosesi gedir. Düşünürəm ki, məhz Zəngəzur dəhlizinin açılması baxımından da münasibətlərin müsbət tərəfə inkişaf etməsi regionun gələcəyi baxımından çox əhəmiyyət kəsb edir”.

İlyas Hüseynov qeyd edir ki, rəsmi İrəvan normallaşma məsələlərində addımlar atsa da, Ermənistandakı revanşist qüvvələr bununla razı deyil:

“Digər məsələ isə“3+3” platforması çərçivəsində də əlaqələr intensivləşir. Tehranda Rusiya, Türkiyə və İran liderləri arasında görüş keçiriləcək. Bu görüşdə Cənubi Qafqazdakı sülh quruculuğu prosesi müzakirəediləcək. Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması vətəmaslarındavam etdirilməsi də diqqət mərkəzindədir.

Düşünürəm ki, münasibətlərin normallaşması Azərbaycan və Ermənistan arasındakı münasibətlərə də təsir göstərəcək . Lakin buna baxmayaraq Ermənistanda radikal kəsim Türkiyə ilə münasibətlərin istiləşməsinə yaxşı baxmır və revanşizm tərəfdarı kimi çıxış edirlər. Erməni diasporu da Türkiyəyə qarşı öz fəaliyyətini genişləndirir. Frank Pallone məruzəsində Türkiyəyə qarşı F-16 təyyarələrinin verilməsi ilə bağlı məhdudiyyətləri dilə gətirildi. Eyni zamanda 44 günlük Vətən müharibəsinin nəticəsi ilə bağlı da məsələlər qaldırıldı.

Bütün bunlar göstərir ki, rəsmi İrəvanın fikirləri və diaspor arasında böyük bir haçalanma var. Bu da Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra özünü daha da qabarıq göstərir. Erməni lobbisi öz maksimalis missiyalarından əl çəkmir. Regionda sülhə maneə törədir. Lakin rəsmi İrəvan regional əməkdaşlıqlarla bağlı az da olsa, təşəbbüslə çıxış edir. Təbii ki, bu mürəkkəb vəziyyətdə sülhün və təhlükəsizliyin qorunması ən prioritet məsələdir”.

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR