Sumqayıtda avtoxuliqanlıq edərək yarış təşkil edən sürücülər həbs edilib -

Sumqayıt şəhərində yol hərəkətini davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının həyatına real təhlükə yaradan və avtoxuliqanlıq hərəkətləri edən sürücülər saxlanılıblar.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində həmin sürücülər - İsmayıl Musabəyli və Azər Kərimov müəyyən edilərək tutulublar. Hər iki sürücü şəhər ərazisində avtoxuliqanlıq edərək idarə etdikləri nəqliyyat vasitələri ilə yarış təşkil ediblər. Onların bu kobud qayda pozuntuları və digər sürücüləri təhlükə altına qoymaları təhlükəsizlik kameraları vasitəsi ilə də görüntülənib.

Digər sürücülər, eləcə də şəhər sakinlərindən daxil olan çoxsaylı şikayətlər nəticəsində saxlanılan İsmayıl Musabəyli, həmçinin Azər Kərimov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilib və baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə hər iki şəxs sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 30 gün inzibati qaydada həbs olunublar.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR