Şamaxıda Heydər Əliyevin hakimiyyətə gəlişinin 53-cü ildönümünə həsr olunmuş Elmi-praktiki konfrans keçirilib -

Şamaxıda Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 53-cü ildönümünə həsr olunmuş Elmi-praktiki konfrans keçirilib.

Metbuat.az xəbər verir ki, 14 iyul 2022-ci il tarixində İsmayıllı Regional Mədəniyyət İdarəsininin və Şamaxı rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Mədəniyyət Mərkəzində Ulu Öndər Heydər Əliyevin 14 iyul 1969-cu ildə Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 53-cü ildönümünə həsr edilmiş "Azərbaycanın Heydər Əliyev dövrü: qüdrətli dövlət, güclü xalq, davamlı inkişaf" adlı elmi-praktiki konfrans keçirilib.

Tədbir iştirakçıları ilk öncə Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri düzüb, Ümummmili Liderin xatirəsini ehtiramla yad ediblər.

Daha sonra Heydər Əliyevin həyatı və siyasi fəaliyyətini əks etdirən kitablardan və fotoşəkillərdən ibarət sərgiyə baxış keçirilib. Tədbir Azərbaycan dövlət himninin səslənməsi ilə başlayıb. Həmçinin Ulu Öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

İlk növbədə, İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov çıxış edərək çıxış edərək tədbirin əhəmiyyətindən danışıb. O həmçinin bildirib ki, “Ölkəmizin çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyev epoxasının müstəsna yeri vardır. Bu mənada, Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə daim xatırlanır. Bu tarix Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir. Dünya şöhrətli siyasi xadim öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradıb. Buna görə də Ümummilli Liderimizin xalqa xidmətdə keçmiş parlaq və mənalı ömrünün hər anı siyasi təqvimimizdə özünəməxsus yerə malikdir.”

Şamaxı Heydər Əliyev Mərkəzinin direktoru, Könül Eyvazova çıxışında qeyd edib ki, “Şəhər və rayonlarımızdakı Heydər Əliyev mərkəzləri məhz, Ulu öndərin zəngin dövlətçilik irsinin, eyni zamanda Azərbaycan mədəniyyətinin fəal təbliğatçılarıdır. Dahi liderin həyat və fəaliyyətinin, onun dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin təbliği Heydər Əliyev mərkəzlərinin əsas vəzifəsidir. Azərbaycanda müasir dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşması, respublikamızın dünyada etibarlı tərəfdaş kimi tanınması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.”

Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının alimləri Ulu Öndərin Azərbaycanda siyasi hakimiyyət dövründən bəhs edən məruzlərlə çıxış ediblər.
AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, Tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı Heydər Əliyev və Azərbaycan diplomatiyasından bəhs edib. Sübhan Talıblı vurğulayıb ki, “Ümumilli lider Heydər Əliyev Azərbaycan xarici siyasətinin konseptual əsaslarını müəyyənləşdirmişdir. Onun diplomatiyası Azərbaycanın dünya miqyasında tanıdılmasına, milli mənafelərin müdafiəsinə xidmət etmişdir. Məhz həmin diplomatiya və onun uğurlu davamçısı sayəsində, bugün Azərbaycan yalnız regionda gedən proseslərə deyil, eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir göstərmək imkanı qazanmışdır. Eyni zamanda, Azərbaycan diasporunun təşkilatlanması, dünya azərbaycanlılarının Azərbaycan Respublikası ilə əlaqələrinin hüquqi, siyasi, ictimai və mədəni əsaslarının gücləndirilməsi Prezident Heydər Əliyevin xarici siyasət konsepsiyasında mühüm yer tutmuşdur.”

AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə, Azərbaycan dövlətinin memarı və qurucu lideri Heydər Əliyevin fəaliyyətinin Naxçıvan dövründən bəhs edib. Azərbaycanın müstəqilliyinin əsas təməllərinin məhz Naxçıvanda atıldığını deyib, bu möhtəşəm fəaliyyəti Azərbaycanı Azərbaycana qaytarmaq missiyası adlandırıb. O həmçinin, “Ulu öndərin siyasi hakimiyyətə qayıdışı Naxçıvandan başlanan dövlət müstəqilliyinin bütün Azərbaycan üçün aparıcı ideologiyaya çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına səbəb olduğunu” vurğulayıb.

AMEA Hüquq və İnsan Haqları İnstitutunun şöbə müdürü, Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Cahangir Cahangirli Azərbaycançılığın ümummilli ideologiya səviyyəsinə qaldırılmasında ümummilli lider Heydər Əliyevin rolundan danışıb, Azərbaycançılıq ideologiyasının birləşdirici xüsusiyyətlərindən bəhs edib. O qeyd edib ki, “Azərbaycan xalqının milli inkişaf yolunun və ideologiyasının formalaşması məhz ulu öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövrünə təsadüf edir. Heydər Əliyev dühasının səyi ilə azərbaycançılıq məfkurəsi mahiyyətcə real məzmun daşıyaraq praktikada realizə imkanları qazandı, o, azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail olmuşdur.”

Türkiyə Anadolu Birləşdirici və Sənayeçi iş adamları dərnəyinin və 1453 Kral media xəbər agentliyinin Azərbaycan sədri, jurnalist, politoloq Ülkər Piriyeva Heydər Əliyev fenomeninin Türkiyə mediasında işıqlandırılmasından söz açıb. O, Türkiyə mediasında Heydər Əliyevin hakimiyyəti dövründən 2001-ci ilə qədər Azərbaycanın xarici siyasətindən bəhs edən dönəmin geniş şəkildə nəzərə çatdırıldığını vurğulayıb. Bildirib ki, “Ulu Öndər Türkiyə ilə Azərbaycan arasındakı münasibətləri dünyada bənzəri olmayan qardaşlıq hüququna bağlamışdır.
“Bir millət, iki dövlət” ifadəsinin Türk dünyasında fikir atası olan Heydər Əliyev 1994-cü ildə Türkiyəyə səfəri zamanı məhz bu ifadəsi ilə Türkiyə-Azərbaycan münasibətlərini qarşılıqlı strateji tərəfdaşlıq çərçivəsinə oturtmuşdur.”

Sonda əlamətdar gün münasibətilə, məruzəçilərə sertifikatlar təqdim edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR