Üç liderin Tehran sammiti:

İyulun 19-da keçiriləcək Tehran sammitində üç ölkənin liderinin görüşü indiki şəraitdə çox vacib olmaqla bərabər dünyada qlobal geosiyasi proseslər fonunda bu görüşün mühüm əhəmiyyəti var.

Metbuat.az xəbər verir ki, bu açıqlamanı politoloq İlyas Hüseynov edib. Ekspertin sözlərinə görə, sammitdə dünyada ərzaq təhlükəsizliyi, karbohidrogen ehtiyatlarının nəqli baxımından önəmli müzakirələr olacaq. Həm də regionda sülhün və təhlükəsizliyin təmin olunması məsələlərinə xüsusi diqqət yetiriləcək.

“Nəzərə almaq lazımdır ki, Rusiya, Türkiyə və İran üçün Cənubi Qafqaz regionu çox önəmlidir. Bu xüsusda “3+3” platformasının aktuallığı bir daha özünü təsdiqləyir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin regionda kommunikasiyaların, nəqliyyat əlaqələrinin qurulmasına çox müsbət yanaşırlar”,-deyən həmsöhbətimizin fikrincə, İranla Azərbaycan arasında imzalanmış anlaşma memorandumu da rəsmi Tehranın bu məsələdə maraqlı olmasının göstəricisidir. Enerji sahəsində aparılan müzakirələr də göstərir ki, Rusiya-Ukrayna müharibəsi fonunda İran öz təşəbbüsləri ilə seçilir. Eyni zamanda, Putinlə Ərdoğan arasında keçirilən görüşdə Suriyada anti-terror əməliyyatı da diqqət mərkəzində olacaq. Vaxtilə Suriya böhranının aradan qaldırılmasında bu üç ölkənin liderləri arasında keçirilən görüş məhsuldar olmuşdu.

Politoloq hesab edir ki, liderlərin Tehran görüşündə Yaxın Şərq böhranının həlli müzakirə predmeti olacaq. Bundan başqa, Cənubi Qafqazda yaranmış yeni reallıqlar hər üç ölkə üçün çox önəmlidir. İ.Hüseynovun sözlərinə görə, bu reallıqlar müstəvisində Türkiyənin regionda iştirakı bir qədər də güclənib: “Türkiyə regional aktor kimi Cənubi Qafqazda güclü mövqeyə sahibdir. Azərbaycanla Türkiyənin xarici siyasətində koordinasiya var. Dostluq və qardaşlıq münasibətləri ilə yanaşı bizim əlaqələrimiz hərbi müttəfiqlik səviyyəsinə yüksəlib. Ona görə də, bütün regional proseslərdə Türkiyənin iştirakı nəzərə çarpır”.

Bəs Tehran sammiti Zəngəzur dəhlizinin reallaşmasına necə təsir edə bilər?

Politoloq hesab edir ki, bu görüş Zəngəzur dəhlizinin reallaşması istiqamətində proseslərin sürətlənməsinə gətirib çıxaracaq. Bu yaxınlarda, Rusiya baş nazirinin müavini Overçukun Türkiyəyə səfəri, Rəcəb Tayyib Ərdoğanla Paşinyanın telefon danışığı da regional inteqrasiyanın gücləndirilməsi yönündə vacib addımlardır. Gələcəkdə bu prosesin dinamikliyinin artırılması baxımından bu cür görüşlər əhəmiyyət kəsb edir. Azərbaycan mühüm nəqliyyat qovşağında yerləşir və proseslər ölkəmizin xeyrinədir. Bu baxımdan, Tehran sammiti mühüm siyasi nəticələrlə yadda qalacaq.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR