Vəzifəsindən qovulan xanım məmurlar:

Dövlət Qulluqçularının Reyestrinə daxil edilmiş məlumatlara əsasən, dövlət orqanlarında 24 min 562 nəfər çalışır. Onlardan 7 min 336 nəfərdən çoxu qadındır. Bir sıra tədqiqatlar göstərir ki, qadınların karyera pilləsində rahat yüksəldiyi və rəhbər vəzifələrə təyin olunduğunda öz sahələrində daha məhsuldar və səmərəli fəaliyyət göstərirlər. Kişilərdə olduğu kimi, təəssüf ki, qadınlarda da bəzən bu göstəricinin əksi də müşahidə edilir.

Metbuat.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Azərbaycanda vəzifə zamanı müxtəlif qanunsuz əməllərə görə işdən uzaqlaşdırılan yüksək vəzifəli qadınların siyahısını təqdim edir:

Ən səs-küylü hadisə 2019-ci ildə baş verdi. Belə ki, Səbail Rayon İcra Hakimiyyəti (RİH) başçısının sabiq birinci müavini Xalidə Bayramova 2019-cu ilin aprelində intihar edən şagird Elina Hacıyeva işində adı hallanan şəxslərdən biri olub. Xalidə Bayramova bu hadisəyə görə vəzifəsindən uzaqlışdırılmayıb.

2021-ci ilin may ayının 4-də Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma zamanı müəyyən edilib ki, o, öz vəzifə səlahiyyətlərindən istifadə edərək, yaxın qohumuna peyvənd vurulmadan peyvəndlənmiş şəxs kimi qeydiyyata alınaraq, bu barədə tibbi sənədin verilməsini tələb edib. Bu hadisəyə görə Xalidə Bayramova icra başçısının müavini vəzifəsindən azad olundu.

Bir neçə gün əvvəl Lənkəranın icra başçısının müavini Rasilə Arifqızı və Lənkəran şəhər 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin direktoru Yeganə Əsgərova tərəfindən 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətlərinin edilməsi ilə bağlı rayon prokurorluğunda cinayət işi başlanıb. Dünən Rasilə Arifqızı, bu gün Yeganə Əsgərova vəzifəsindən azad edilib.

Qeyd edək ki, şagirdlərə qarşı zorakılıq, korrupsiya və digər əməllərinə görə, Azərbaycanda onlarla məktəb direktoru və müavinləri də vəzifəsindən kənarlaşdırılıb.

Azərbaycanda adı korrupsiya əməlində hallanan sabiq xanım universitet rektoru da var. 22 iyun 2021-ci ildə Nurlana Müzəffər qızı Əliyeva Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən azad edildi. Xanım rektor vəzifədə olduğu dövrdə adı müxtəlif qalmaqalda hallanıb. O, Bakı Slavyan Universitetinin üzərindəki mozaikanı sökdürməsi, "şparqalka”, bahalı maşını, BSU-da Primakov müsabiqəsinin keçirilməsi və digər məsələlərdə gündəmə gəlib. Nəhayət 2018-2021-ci illərdə ümumilikdə 123 tələbədən təhsil haqqı ödənişləri adı altında 226 min manat pul aldığına görə vəzifəsindən çıxarıldıqdan sonra barəsində cinayət işi açılan BSU-nun əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyeva sabiq rektorun karyerasını bitirmiş oldu.

Fidumə Hüseynova uzun illər yüksək vəzifə tutub. O, 2001-2003-cü illərdə Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini, 2003-2005-ci illərdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı, 2005-2020-ci illərdə yenidən Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini olub. 2021-ci ilin mart ayında vəzifəsindən azad edilib.

Adı heç vaxt qalmaqallarda hallanmayan xanım məmur ötən ilin yanvar ayında oğlu Fərhad Hacıyevin "Yaguar” markalı 10 NG 800 dövlət nömrə nişanlı avtomobili içkili idarə etməsi ilə gündəmə gəldi. DYP-nin keçirdiyi reyd görüntülərdən sərxoş halda avtomobili idarə edən Fidumə Hüseynovanın oğlu olduğu təsdiqlənəndən sonra xanım müavin vəzifəsindən kənarlaşdırıldı. Elə həmin il Fidumə Hüseynovanın adı biznes işlərində də hallandı.

2020-ci ildə Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Neftçala Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı sözügedən rayonun başçısı və digər vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular. Bu cinayət işində icra başçısının müavini Gültəkin Sadıqovanın da adı keçirdi. DTX-nın yaydığı məlumatda bildirildi ki, icra başçısının müavini Gültəkin Sadıqova və digər vəzifəli şəxslər müxtəlif yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, külli miqdarda pul vəsaitləri, sənədlər və iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb. Xanım müavin də bu əməliyyatdan sonra vəzifəsini itirdi.

Adı döyülməkdə halanan Xəyalə Qəmbərova da 2017-ci ildə Biləsuvar Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini vəzifəsindən azad edilib. Biləsuvar rayon icra başçısının sabiq müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Xəyalə Qəmbərovanın ləğv olunmuş "Zamin Bank"ın rayon şöbəsinin müdiri (ad və soyadını dəqiqləşdirə bilmədik-red.) tərəfindən döyülməsi xəbərləri yayılmışdı. Bu barədə KİV-lərdə gedən xəbərlərdən bir həftə sonra o, vəzifəsindən kənarlaşdırıldı.

Ümumilikdə DTX-nın rayon icra hakimiyyətlərində keçirdiyi əməliyyatlardan sonra əksər xanım müavinlər vəzifələrindən uzaqlaşdırılıb.


Abşeron Rayon İcra Hakimiyyətinin başçısı, Azərbaycanda son illər bu vəzifəni daşıyan yeganə xanım olan İradə Gülməmmədova 19 yanvar 2022-ci ildə bu vəzifəsindən azad olundu. Xanım məmurun adı Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyatdan sonra rüşvət və korrupsiyada hallanırdı. Ötən ilin fevral ayında Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda İradə Gülməmmədovanın bacısı oğlu Babək Alıyev və bir neçə vəzifəli şəxs həbsə olundu. Bununla da İradə Gülməmmədova üçün geriyə sayım başşadı və nəhayət 19 yanvar 2022-ci ildə bu vəzifəsindən uzaqlaşdırıldı.

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Əməliyyat-Texniki İdarəsinin sabiq rəisi, general-mayor Natəvan Mirvətova da vəzifəsini və rütbəsini fəaliyyətdə olduğu dövr ərzində törətdiyi müxtəlif cinayət əməllərinə görə itirmiş oldu. Ona 30 mart 2009-cu ildə Azərbaycan ordusunda üçüncü ən yüksək hərbi rütbə olan general-mayor rütbəsi verilib. Bu rütbə Azərbaycanda bir qadının aldığı ən yüksək hərbi rütbədir. 2013-cü ilin martında isə Mirvətova 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub. 2018-ci il aprelin 23-də Sabunçu Rayon Məhkəməsinin binasında Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənov general-mayor Natəvan Mirvətovanın rütbələrinin alınması barədə Prezident İlham Əliyevə təqdimat göndərilməsi barədə qərar qəbul edib. Qərara əsasən, Natəvan Mirvətovaya 5 il sınaq müddəti seçilməklə şərti cəza verilib.

Adı keçən xanım məmurlardan başqa siyahını nisbətən kiçik vəzifələrlə bir qədər də uzatmaq olar. Məsələn, Binəqədi qəsəbə bələdiyyəsinin sabiq sədri Aytac Əliyeva barəsində olan dələduzluq faktları ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və məhkəmənin hökmü ilə həbs edilib. Aytac Əliyeva həbs olunmazdan əvvəl Yeni Azərbaycan Partiyası (YAP) Gənclər təşkilatının sədr müavini və YAP Binəqədi rayon təşkilatının Qadınlar Şurasının sədri olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR