“Xameneinin Zəngəzur dəhlizi ilə bağlı dedikləri düşmənçilik siyasətidir” -

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Tehranda İranın ali dini rəhbəri Seyid Əli Xamenei ilə görüş zamanı, İran rəhbərinin Zəngəzur dəhlizi ilə bağlı "Təbii ki, işin içində İran-Ermənistan sərhədinin bağlanması siyasəti gündəmdədirsə, İran İslam Respublikası buna qarşı çıxacaq, çünki bu sərhəd minilliklərin kommunikasiya yoludur” deməsi Tehranın, konkret olaraq Zəngəzur dəhlizinə qarşı çıxması məntiqini ortaya qoydu.

Bu görüşü şərh edən politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, Tehran Türkiyənin bu dəhliz vasitəsilə, Cənubi Qafqazda və Mərkəzi Asiya siyasətindən narahatdır.

Məhəmməd Əsədullazadə

“İranın dini rəhbəri Qarabağın işğaldan azad olunmasının məmnunluğunu da qeyd etsə də, bu işin içində Zəngəzur dəhlizinin olmasından narahatlığını ifadə edib. Tehran hesab edir ki, bu dəhliz İran Ermənistan sərhədini bağlayır. Xameneinin bu yanaşması İranın Azərbaycana və Türkiyəyə düşmənçilik siyasətinin bariz nümunəsidir. Bu illər ərzində İran Azərbaycanın ərazilərinin işğalında maraqlı olub”.

Politoloq düşünür ki, Azərbaycan dəhliz məsələsini silahla gücü ilə həll edərsə, sonda İran məğlub olacaq.

Siyasi şərhçi Asif Nərimanlı isə deyir ki, Azərbaycanın Naxçıvanla quru əlaqəsi dəhliz məntiqi ilə bərpa olunarsa, bu, Ermənistan-İran sərhədinin bu hissəsinin də bağlanması deməkdir.

Asif Nərimanlı

“44 günlük müharibə İranı işğal dövründə Qarabağdan “boz zona” kimi istifadə etmək imkanından məhrum etdi, Zəngəzur dəhlizinin açılması isə Tehranın Cənubi Qafqaza girişini böyük ölçüdə məhdudlaşdıracaq və Bakıdan asılı vəziyyətə gətirəcək, “kommunikasiyanın açılması dövlətlərin suverenliyi ilə həll edilməlidir, Ermənistan sərhədi “qırmızı xəttimizdir” mövqeyinin səbəbi də budur.

Zəngəzur yolunun “dəhliz məntiqi” ilə açılmasında Ankara və Bakı ilə yanaşı, Moskvanın da mövqeyi üst-üstə düşür:

Birincisi, “maneəsiz çıxış”ın nəzərdə tutulduğu 10 noyabr bəyanatı Rusiyanın vasitəçiliyi ilə əldə olunub: Bakı və Ankara Moskvadan özünün imza atdığı razılaşmanın icrasını tələb edir, ikincisi, razılaşmanın icrası Rusiyaya Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçəcək hissəsinə nəzarət imkanı verir”.

Asif Nərimanlı söylədi ki, Zəngəzurun “yol məntiqi” ilə açılması Qərbin Ermənistan üzərindən nəzarət imkanı qazanması, eyni zamanda, Bakı və Ankaranın eyni rejimin Laçın dəhlizində də tətbiqini tələb etməsinə şərait yaradacaq. Siyasi şərhçi onu da qeyd etdi ki, bu perspektivi ruslar qəbul etmirlər.

“Proseslərin mümkün inkişafı iki istiqamətdə ola bilər: Birinci yol dəhlizin hərbi güc yolu ilə açılmasıdır. Ankara və Moskva Tehranla anlaşmasa və İran Ermənistan üzərindən prosesi pozmağa çalışarsa, bu ssenari işə düşə bilər. Amma hadisələrin bu cür inkişafı Tehranı çətin vəziyyətə sala bilər. İkincisi İranın dəhlizdə hansısa formada 3+3 formatının yaradılması fonunda mümkün olarsa da istisna deyil ki, Tehran masasında bu məsələlər də olacaq. Ankara və Bakı üçün əsas məsələ “maneəsiz çıxışın” əldə edilməsidir, ya müharibə, ya diplomatiya ilə bu məsələ həll olunmalıdır”.

Gülbəniz Hüseynli


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR