Meymunçiçəyini ağır keçirən şəxs danışdı:

Meymunçiçəyi adətən yüngül simptomlara səbəb olur, əksər insanlar müalicə olmadan bir neçə həftə ərzində sağalırlar. Lakin Böyük Britaniyada 35 yaşlı Harun Tulunay bu xəstəliyi ən ağır keçirənlərdən biri olub.

Metbuat.az "İnsider" nəşrinə istinadən xəbər verir ki, Tulunay iyunun 13-də yüngül qızdırma ilə özünü pis hiss etməyə başlayıb. Qızdırmanın koronavirusdan olduğunu düşünərək test verib, lakin testlərin cavabı mənfi olub. Sonrakı 24 saat ərzində o, bütün bədənində dözülməz ağrının artıdığını hiss edib. Tulunay ağrını "ətin sümüklərdən qoparılması" kimi izah edib.

Beş gündən sonra onun hərarəti 39 dərəcədən yuxarı qalxıb, vəziləri şişib və boğazında ağrılar yaranıb. Londondakı isti havalara baxmayaraq dörd yorğanla yatdığını söyləyən Tulunay, qızdırmadan səpgilərin yarandığını deyib.

O, həddindən artıq dozada parasetamol və "ibuprofen", eləcə də evdə antibiotiklər, qızdırma və reseptsiz yuxu həbləri qəbul etsə də, heç biri işə yaramayıb. Həmçinin burnunda ağrısız sızanaq kimi bir ləkə görüb, lakin çox da fikir verməyib.

Dörd gün sonra Tulunay meymun çiçəyi testi və onun simptomlarına səbəb ola biləcək hər hansı digər xəstəlik üçün tibbi müayinədən keçib. Sonrakı üç gün ərzində onun boğazı o qədər şişib və ağrılar verib ki, yemək və su içmək, hətta tüpürcəyini də uda bilmədiyini bildirib. O, hətta artıq öləcəyini düşünüb. Tibb bacısına tüpürcəyini uda bilmədiyini söylədikdən sonra dərhal xəstəxanaya yerləşdirilib və ağrıkəsicilərlə müalicə olunub.

Xəstəxanaya yerləşdirildikdən sonra meymunçiçəyi testi pozitiv çıxıb. Əlləri, ayaqları, boğazı və hətta ağzında da səpkilər çıxan xəstənin burnundakı yaraya da infeksiya düşüb.

Çiçək xəstəliyinə qarşı təsirli eksperimental dərmanla müalicə üçün özəl xəstəxanaya köçürülən Tulunay xəstəxanada daha beş gün qaldıqdan sonra evə buraxılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR