Beyləqanda şəhid ailələrinə yeni mənzillər təqdim olunub -

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Beyləqan rayonunda Vətən müharibəsi şəhidlərinin ailələrinə mənzillər təqdim olunub.

Metbuat.az-a Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev və Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev iştirak ediblər.

H.Abdullayev bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun Zəfər qazandığı Vətən müharibəsindən sonra dövlət başçısının göstərişi ilə Nazirlik tərəfindən şəhid ailələri, müharibə iştirakçıları ilə bağlı sosial dəstək paketi icra olunur.

Bu sosial dəstək paketi 100 mindən artıq şəhid ailəsi üzvü və müharibə iştirakçısını əhatə edib, onlara 193 min sosial dəstək xidməti göstərilib.

Nazir müavini mühüm sosial dəstək tədbirlərindən birinin də şəhid ailələrinin, müharibə əlillərinin mənzil və fərdi evlə təminatı proqramı olduğunu vurğulayıb.

Qeyd edib ki, bu proqram ötən il 5 dəfə genişləndirilib. 2021-ci ildə şəhid ailələri və müharibə əlillərinə 3 min, 2022-ci ilin əvvəlindən bəri 600-dən çox mənzil verilib.

Postmüharibə dövründə 3600-dən, ümumilikdə ötən dövrdə 12500-dən çox şəhid ailəsi və müharibə əlili mənzil və ya fərdi evlə təmin edilib.

Bu ilin avqust-sentyabr aylarında daha 500 mənzil və fərdi ev bu kateqoriyalardan olan vətəndaşlara veriləcək.

A.Ağayev şəhid ailələri və müharibə əlillərinə göstərilən dövlət qayğısından bəhs edib. O, təqdim olunan yeni mənzillərdə ailələrin rahat yaşaması üçün hər cür şərait yaradıldığını bildirib.

Yeni mənzillərlə təmin edilən şəhid ailələri diqqət və qayğı ilə əhatə olunduqlarına, bu gün isə tam təmirli yeni mənzillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR