Nazir müavini Vətən müharibəsi şəhidinin ailəsini ziyarət edib -

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev Beyləqan rayonunda şəhid Quliyev Vasif Tahir oğlunun ailəsini ziyarət edib.

Metbuat.az-a Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, Vətən müharibəsində şərəfli döyüş yolu keçən V.Quliyev Füzuli rayonunun Seyidəhmədli kəndi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Prezident İlham Əliyevin Sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Müharibədən əvvəl də V.Quliyev baş çavuş olaraq daim qüsursuz fəaliyyəti ilə seçilib, bir sıra medallara layiq görülüb.

Şəhidin ailəsi ilə görüş övladları 11 yaşlı Uğur və 10 yaşlı Yağmurun ad günləri ərəfəsinə təsadüf edib və H.Abdullayev onları təbrik edib.

Bütün şəhid ailələri kimi, şəhid V.Quliyevin ailəsi də dövlətin sosial dəstək tədbirləri ilə əhatə olunub və ailə müvafiq sosial ödənişlərlə təmin olunur.

Görüşdə V.Quliyevin həyat yolundan, döyüşlər zamanı göstərdiyi şücaətlərdən bəhs olunub. Onun və bütün şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağı vurğulanıb.

Nazir müavini şəhid ailəsinin vəziyyəti ilə maraqlanıb, ailənin bundan sonra da daim dövlət qayğısı ilə əhatə olunacağını bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR