Astarada 3 medallı qazinin evi narazılıq yaratdı -

Astarada Vətən müharibəsi qazisi Məlik Nəhmət oğlu Məlikovun yaşadığı evin fotoları sosial şəbəkələrdə narazılıq yaradıb.

Metbuat.az xəbər verir ki, fotoları jurnalist Kamil Həmidov ictimailəşdirib. Qazinin evinin yaşayış üçün şəraitsiz olduğunu qeyd edən sosial şəbəkə istifadəçiləri də Astara Rayon İcra Hakimiyyətini tənqid ediblər.

İcra Hakimiyyətindən sorğumuza cavab olaraq bildirildi ki, vaxtaşırı qaziyə köməklik göstərilsə də, ona ev vermək İcra Hakimiyyətinin büdcəsində nəzərdə tutulmayıb:

"Məlikov Məlik Nəhmət oğlu 1996-cı ilin 9 mart tarixində Səlivə kəndində anadan olub. Subaydır. Könüllü olaraq Vətən müharibəsində iştirak edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə Məlik Məlikov “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur Döyüşçü” medalları ilə təltif edilib. Məlik Məlikov atası və anası ilə birlikdə Səlivə kəndində atasına məxsus yerli materialdan tikilmiş evdə yaşayır. Hazırda atası Nəhmət Məlikov özünə məxsus həyətyanı torpaq sahəsində mişar daşından yeni ev tikintisinə başlamış və evin birinci mərtəbəsi tikilib.

Bildiririk ki, Məlik Məlikov da digər Vətən müharibəsi iştirakçıları kimi həmişə rayon icra hakimiyyəti tərəfindən diqqətdə saxlanılır, vaxtaşırı onlara ərzaq və maddi köməkliklər edilir. Rayon icra hakimiyyətində müharibə iştirakçıları üçün fərdi yaşayış evlərinin tikintisi və təmirindən ötrü vəsait nəzərdə tutulmadığından ona bu məqsədlə köməklik göstərilməsi imkan xaricindədir", - deyə məlumatda qeyd olunub.

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR