Çimərlikdə vətəndaşların telefonlarını və pulunu oğurlayan şəxslər saxlanılıb

Şıx çimərliyində vətəndaşların telefonlarını və pulunu oğurlayan şəxslər saxlanılıb.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə Şıx qəsəbəsinin dəniz çimərliyində Bakı şəhər sakini Ə.Sadıxovun mobil telefonunun oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş V.Əsədov tutulub.

Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun müxtəlif vaxtlarda Şıx çimərliyində “Tofaş” markalı bir avtomobildən 150 manat pul və mobil telefon, bir qadının və bir kişinin çantalarından 3 ədəd mobil telefon, həmçinin Şuşa şəhər sakini E.Nərimanlı ilə birgə “Mercedes” markalı bir avtomobildən içərisində 1400 manat, bank kartı və sənəd olan pulqabını oğurlamaları da müəyyən olunub.

Əməliyyat tədbirləri ilə E.Nərimanlı da polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR